Milli komandamız qalibi olduğu turnirə qatılacaq
12.12.2008 - 11:29
Milli komandamız qalibi olduğu turnirə qatılacaq
Azərbaycanın qadınlardan ibarət futbol yığması beynəlxalq turnirə qatılacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazan bilməyən milli komandaların oyun təcrübəsini itirməməsi məqsədilə UEFA tərəfindən təşkil etdiyi mütəmadi turnirlərdən biri də Gürcüstanda keçiriləcək.

Futbolçularımızın da iştirak edəcəyi bu yarışın gələn ilin yazında baş tutması nəzərdə tutulub. Millimiz və meydan sahibləri ilə yanaşı, Türkiyə və Makedoniyanın da mübarizə aparacağı turnirin dəqiq vaxtı iştirakçıların ümumi razılığı əsasında müəyyənləşdiriləcək.

Qeyd edək ki, bu il aprelin 28-dən mayın 3-dək Bakıda da belə turnir keçirilmişdi. Makedoniya, Litva və Gürcüstan komandaları ilə qarşılaşan millimiz hər 3 oyunu qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanmışdı.
0