“Karvan” 300 min avroluq futbolçu alır
12.12.2008 - 12:41
“Karvan” 300 min avroluq futbolçu alır
“Ladaqa və Fereyranın taleyinə hazırlığa başlayandan sonra qərar verəcəyik. Bir araya gələndə onların komandaya qoşulması mümkündür”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Onun sözlərinə görə, milli komandamızın da şərəfini qorumuş braziliyalı yarımmüdafiəçilər Andre Ladaqa ilə Markus Fereyranı komandaya cəlb etməklə bağlı qərarını hələ verməyib: “Onları yaxşı tanıyıram. Ladaqa uzun müddət “Bakı”nın şərəfini qoruyub. “Neftçi”nin də formasını geyən Fereyra isə “Karvan”da rəhbərliyim altında çıxış edib. Onunla yanaşı, Ladaqanı ilk dövrədə cəlb etmək istəsək də, bilet, viza kimi problemlər yarandı. Buna görə də məsələni qış fasiləsinə saxladıq. Həm Andre, həm də Markusla bir illik müqavilə bağlamışıq. Onlarla mütəmadi əlaqə saxlayıram. Klubsuz qalsalar da, vətənlərində məşqlərini davam etdirirlər. Dövrlərarası fasilədə 4-5 yeni futbolçu transfer edəcəyik ki, bunlar arasında həm yerli, həm də əcnəbi futbolçular olacaq. Ladaqa ilə Fereyradan güclü futbolçular ala bilsək, onları dəvət etməyəcəyik. Bu zaman onlara azad agent statusu verəcəyik”.

Hüseynov braziliyalılardan fərqli, digər legioneri dəvət edəcəyini özü üçün qətiləşdirib. 26 yaşlı seneqallı müdafiəçi Pape Samba Ba karyerasını yenidən “Karvan”da davam etdirməyə yaxındır: “Onunla da anlaşmışıq və hazırlığa cəlb edəcəyik. Samba komandamızdan gedəndən sonra klubsuz qalmayıb. Bildiyimə görə, o, Polşada mütəmadi çıxış edir”.

“Karvan”da Hüseynovun rəhbərliyi altında 2004/05 mövsümündə bürünc medal qazanan Samba “Şəmkir”də icarə əsasında oynayıb. 2005-ci ildən Polşada çıxış edən seneqallı yüksək liqada Poznanın “Lex” klubunda 18 oyun keçirib. İntertoto kubokunda “Karvan”ın heyətində “Lex”ə qarşı oyundan sonra bu komandaya transfer olunan Pape Polşada həmçinin “Qurnik” və “Odra” klubunda çıxış edib. Opoleni təmsil edən “Odra”nın şərəfini qoruyan sol cinah müdafiəçisi 2006-cı ildən birinci divizionda oynayır.

Qeyd edək ki, Almaniya mətbuatı Banın transfer qiyməti üçün 300 min avro qiymət qoyub.
0