Azərbaycan çempionatının mükafatçısı döyüldü
12.12.2008 - 13:43
Azərbaycan çempionatının mükafatçısı döyüldü
Azərbaycan Premyer Liqasının bürünc mükafatçı döyülüb. Apasport.az saytının məlumatına görə, Yevlaxın “Karvan” klubunun sabiq futbolçusu Pape Samba Ba Polşada ciddi problemlərlə üzləşib. Polşa çempionatının birinci dəstəsində çıxış edən “Odra” (Opola) komandasının müdafiəçisi həm aclıq, həm də irqçiliyin qurbanına çevrilib.

Polşa mətbuatının yazdığına görə, neçə aydır əmək haqqı almayan seneqallı futbolçunun aclıqdan şikayətlənməsinə ürəyi dözməyən jurnalistlər ona 4 çanta ərzaq yardımı da edib. Hazırda çörək pulunun dərdini çəkən Samba yerli əhalinin də təzyiqi ilə üzləşib. Belə ki, futbolçuya hücum çəkən yeniyetmələr əvvəl afrikalını təhqir edib, sonra isə əzişdirib. Məsələni araşdıran polis Patrik adlı 16 yaşlı gənci həbs edib. Üç illik həbs cəzası gözləyən yeniyetmə Sambanı təkbaşına döyməyib. Patrikə 14 yaşlılar Nikola və Oskar, həmçinin 15 yaşlı qız Yustina kömək edib. Azyaşlı qızın da sillə-təpiyini yeyən seneqallı hər şeydən bezdiyini bildirib: “Opolada hər dəfə üzləşdiyim bu problemin səbəbi qara rəngli olmağımdır. Kifayət qədər təkliflər almışam və qəti qərara gəlmişəm ki, buradan gedim”.

Qeyd edək ki, Samba 2004/05 mövsümündə çıxış etdiyi “Karvan”ın heyətində Azərbaycan çempionatının bürünc mükafatını qazanıb. Seneqallı müdafiəçinin ikinci dövrədən yenidən Yevlax təmsilçisinin heyətində çıxış edəcəyi gözlənilir.
0