Cahangir Həsənzadə: Azərbaycan futbolunda gözlənilməz hadisə olmur
12.12.2008 - 14:42
Cahangir Həsənzadə: Azərbaycan futbolunda gözlənilməz hadisə olmur
“Qəbələ” ilə cari mövsümün sonuna qədər müqaviləm var. Komandada qalıb-qalmayacağım klub rəhbərliyindən asılıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

Yayda “İnter”dən “Qəbələ”yə keçən 29 yaşlı qolkiper özünü transferə çıxarılacaq futbolçuların siyahısında görmür: “Əslində, belə demək də düzgün çıxmazdı. Çünki transferə çıxarılacağım halda deyəcəklər ki, bəs özünü siyahıda görmürdün. Bu mənada hər şeyi gözləmək olar. Hesab edirəm ki, Azərbaycan futbolunda gözlənilməz hadisə olmur. Mənə transferə çıxarılmağım haqda bir şey deyilməyib”.

Ötən mövsüm “İnter”də çempion olmasına baxmayaraq, Cahangir daha çox ehtiyatda qaldığından klubunu dəyişmək qərarına gəlib. Amma təcrübəli qapıçının “Qəbələ”də də çıxışı istənilən səviyyədə alınmayıb: “Oyunumdan razı qalmadım. Fikrimcə, bacarığımdan çox aşağı çıxış etdim. Mövsümə əsas heyətdə başlasam da, “Olimpik”lə görüşdə buraxdığım səhvdən sonra ehtiyata düşdüm. Yəqin ki, baş məşqçi bu addımı atmaqla, məni stressdən azad etmək istəyirdi. Ancaq bir neçə oyundan sonra yenidən qapıda yerimi tutdum və zədəli olsam belə, ilk dövrəni başa vurdum. Oyunumun lazımı səviyyədə olmamasını adaptasiya prosesi ilə bağlayardım. Yeni klubumun müdafiə xətti ilə anlaşmaq, çətin anlarda komanda yoldaşlarımla bir-birimizi başa düşmək vaxt apardı”.

Həsənzadə vurğulayıb ki, “Qəbələ”nin potensialından aşağı - 10-cu yerdə qərarlaşmasının əsas səbəbi zədə amilidir: “Yayda “Qəbələ”yə gələn futbolçulardan mənimlə bərabər, Fərrux İsmayılov, Kənan Kərimov, Asen Nikolov, Qoqa Beraya xeyli müddət zədədən əziyyət çəkdik. Bu, komandanın nəticələrinə böyük təsir göstərdi. Sabit heyətlə meydana çıxa bilmədik. Bununla belə, “Qəbələ”də mübarizlik ruhu var və ikinci dövrədə uğurla nəticə qazana bilərik”.

Qeyd edək ki, “Qəbələ” rəhbərliyinin Nikolovun ardınca Həsənzadə, İsmayılov və Berayanı da transferə çıxaracağı istisna deyil.
0