Milli komandamız yanvarın 9-da Çili ilə qarşılaşacaq
12.12.2008 - 15:22
Milli komandamız yanvarın 9-da Çili ilə qarşılaşacaq
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş gənclər arasında XXI beynəlxalq turnirdə Azərbaycan milli komandası Çin yığmasını əvəzləyəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışın püşkatmasından sonra A qrupunda yer alan asiyalılar turnirə qatılmaqdan imtina etdiyi üçün təşkilatçılar yığmamıza dəvət göndərib. Çinin yerinə A qrupunda mübarizə aparacaq Yaşar Vahabzadənin yetirmələri Rusiya, Çili və Belarus yığmaları ilə qarşılaşacaq. Millimiz yanvarın 5-i saat 15:00-da Belarus, 7-si 19:00-da Rusiya, 9-u 15:00-da cənubi amerikalılarla görüşəcək. Qrup mərhələsindən sonra keçiriləcək final oyunları isə yanvarın 11-ə nəzərdə tutulub. Qrup qalibləri birinci, ikinciləri isə üçüncü yer uğrunda matçda üz-üzə gələcək.

Qeyd edək ki, B qrupunda isə Türkiyə, Belçika, Latviya, Ukrayna komandaları mübarizə aparır.
0