Fatih Təkkənin taleyinə aydınlıq gəldi
13.12.2008 - 11:28
Fatih Təkkənin taleyinə aydınlıq gəldi
Rusiyanın “Zenit” klubunun rəhbərliyi türkiyəli hücumçusu Fatih Təkkə ilə bağlı son qərarını verib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu bundan sonra da Sankt-Peterburq təmsilçisinin şərəfini qoruyacaq.

Təkkə komandanın əsas heyətinə düşə bilmədiyi üçün bir müddət öncə transferə çıxarılmışdı. Onunla Almaniyanın “Hamburq”, “Verder” və “Herta” klubları maraqlanırdı. Hətta sonuncular hücumçuya 3,5 milyon avro ödəməyə hazır idilər.

Ancaq “Zenit” rəsmiləri təklif olunan pulun məbləğinin azlığını bildiriblər. Fatihi 2006-cı ilin yayında “Trabzonspor”dan 7,5 milyon avroya alan ruslar ona müqaviləyə əsasən, ildə 1,5 milyon avrodan artıq məvacib ödəyirlər.

Bundan başqa, “Zenit” türk futbolçunu Rusiya klublarına satmır. Sankt-Peterburqlular düşünürlər ki, Təkkəni ölkə daxilində transfer edən komanda güclənəcək və gələcəkdə elə “Zenit”in özünə qənim olacaq.

Taleyi ilə barışan Fatih isə belə deyib: “Zenit”lə müqaviləmin müddəti başa çatmayıb. Hələ il yarım da burada oynamalıyam. Qalan məsələlər barədə rəhbərlikdən soruşsanız, daha yaxşı olar”.

Qeyd edək ki, Təkkə “Zenit”in heyətində Rusiya çempionluğu, UEFA kuboku və UEFA Superkubokunu qazanıb.
0