Dörd kluba 60 min avro cərimə
13.12.2008 - 11:36
Dörd kluba 60 min avro cərimə
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dörd klubu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi Hollandiyanın “Feyenord”, İspaniyanın “Deportivo”, İtaliyanın “Roma” və Fransanın “Marsel” komandalarını bir sıra səbəblərdən ümumilikdə 60 min avro cərimələyib.

“Deportivo” və “Feyenord” arasında noyabrın 27-də La-Korunya şəhərinin “Riasor” stadionunda keçirilən UEFA kubokunun oyunu zamanı tribunalarda qarışıqlıq baş verib və meydana kənar əşyalar atılıb. Bu olayda əsas günahkar hollandiyalılar sayılırlar. Təsadüfi deyil ki, UEFA “Feyenord”u 25, “Deportivo”nu isə 5 min avro məbləğində cərimələyib. Bundan əlavə, hollandlar ispanlara azarkeşlərin onlara vurduğu zərəri də ödəməlidirlər.

“Roma”nın 20 min avro cərimələnməsinə səbəb isə noyabrın 4-də Çempionlar Liqasında (ÇL) Londonun “Çelsi” klubu ilə öz meydanında keçirdiyi oyunda azarkeşlərinin fişəng yandırması və stadionların giriş-çıxışında sıxlıq yaratmasıdır.

“Marsel”ə kəsilən cərimə də ÇL matçı ilə bağlı olub. Noyabrın 26-da İngiltərədə “Liverpul”un qonağı olan fransalı azarkeşlər meydana kənar əşyalar atdıqları üçün “Marsel” 10 min avro xərcə düşüb.
0