Saşa Yunisoğlu: “Bakıya transfer vərəqəmlə gəlirəm”
13.12.2008 - 13:31
Saşa Yunisoğlu: “Bakıya transfer vərəqəmlə gəlirəm”
Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun Polşanın “Poloniya” klubundan gedişi rəsmiləşib. Bu haqda apasport.az saytına Yunisoğlunun özü məlumat verib. Hazırda Varşavada olan 23 yaşlı futbolçu sabah vətənə dönəcəyini bildirib. Onun sözlərinə görə, “Poloniya”dan birdəfəlik ayrılması ilə bağlı məsələ artıq tam həllini tapıb: “Bakıya transfer vərəqəmlə gəlirəm. “Poloniya” ilə müqaviləm gələn yay başa çatsa da, qalmaq istəmirdim. Səbəb də yığmanın üzvü olduğum halda, oynamamağım idi. “Poloniya” cari mövsümdə ən az top buraxan komandadır. Baş məşqçimiz də bunu nəzərə alaraq, müdafiə xəttində dəyişiklik etmək istəmirdi. Nəticədə özümü göstərmək şansı qazanmır, daim ehtiyatda qalırdım. “Poloniya” məni satıb, pul qazanmaq istəyirdi. Ancaq biz menecerimlə birgə elə etdik ki, azad agent statusu alaq. Açığı, bunun üçün çox çalışdıq və zəhmətimiz hədər getdi. Uzun sürən danışıqlardan sonra mənə azad agent statusu verdilər”.

Polşada cari çempionatda meydana çıxmayan Yunisoğlu bu ölkəyə qayıdışı istisna etmir: “Polşadakı çıxışımdan narazı qalmadım. Əksinə, hesab edirəm ki, böyük təcrübə topladım. Mən peşəkar futbolçuyam və yenidən bu ölkədə çıxış etmək istərdim. Karyeramı harada davam etdirəcəyimə yeni ildən sonra aydınlıq gətirəcəyəm. Buna qədər isə yaxşıca istirahət etmək istəyirəm”.

Qeyd edək ki, Saşa ötən ilin avqustunda kapitanı olduğu İmişlinin “MKT-Araz” klubu dağıldıqdan sonra UEFA kubokunda qarşı oynadığı Polşanın “Qrotslin” komandasına keçib. Müdafiəçimiz ötən mövsüm bu komandanın heyətində Polşa çempionatının bürünc mükafatçısı olub. UEFA kubokuna vəsiqə qazanmasına baxmayaraq, çıxış etməkdən imtina edən “Qrotslin” yayda “Poloniya” klubu ilə birləşdikdən sonra Varşavanı təmsil edir.
0