Honduras yığması Azərbaycanla qarşılaşmaq istəyir
15.12.2008 - 12:28
Honduras yığması Azərbaycanla qarşılaşmaq istəyir
Honduras yığması 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə oyununa hazırlıq çərçivəsində Azərbaycanla qarşılaşmaq istəyir. Apasport.az saytının məlumatına görə, honduraslıların baş məşqçisi Reynaldo Rueda hazırlıq planını açıqlayarkən mümkün rəqiblər sırasında yığmamızın da adını çəkib.

Hazırda FİFA-nın reytinq siyahısında 46-cı pilləsində qərarlaşan Honduras gələn il fevralın 11-də Kosta-Rika milli komandası ilə qarşılaşacaq. KONKAKAF zonası üzrə dördüncü, sonuncu mərhələnin start oyununa böyük önəm verən Rueda yetirmələrini 18 günlük toplanışa yığacaq. Kolumbiyalı məşqçinin sözlərinə görə, Kosta-Rika ilə matçın hazırlıqları ABŞ-ın Mayami şəhərində keçiriləcək. O, Azərbaycan və Boliviya yığmaları, həmçinin bəzi alman klubları ilə sınaq matçlarının nəzərdə tutulduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə apasport.az saytına bildirib ki, yoldaşlıq görüşü ilə bağlı honduraslılarla danışıq aparmayıblar: “Bu xəbərin haradan qaynaqlandığı mənə də çox maraqlıdır. Çünki indiyədək Honduras tərəfinə nə yazılı, nə də şifahi müraciət etmişik”.
0