Azərbaycan çempionu Bundesliqada oynayan hücumçunu alır
15.12.2008 - 13:18
Azərbaycan çempionu Bundesliqada oynayan hücumçunu alır
Bakının “İnter” klubu daha bir bolqarıstanlı futbolçunu transfer edir. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Todor Kolevin transferi ilə bağlı onun çıxış etdiyi “Slaviya”ya təklif irəli sürüb. Ancaq komandanın prezidenti Ventsislav Stefanov 1,83 metr boya malik 28 yaşlı hücumçusunun satışı ilə bağlı tələsmir.

Məsələ ondadır ki, Kolevin karyerasını Avropada davam etdirmək variantı var. Futbolçunun transfer məbləği 100 min avro məbləğində qiymətləndirilir. Karyerasının böyük hissəsini vətənində keçirən Todor “Slaviya” ilə yanaşı, “Etar”, “Levski”, “Spartak” (Pleven), “Marek” klublarında çıxış edib. Əsas uğurları “Levski” ilə bağlı olan Kolev 2000-ci ildə bu komanda ilə “qızıl dubl” edib. Hücumçu Sofiya təmsilçinin heyətində 2003 və 2005-ci illərdə də ölkə kubokunu qazanıb.

Todor indiyədək vətəndə kənarda bir dəfə çıxış edib. Ötən mövsüm Almaniyanın ikinci bundesliqasında çıxış edən “Allemaniya”nın heyətində keçirdiyi 20 oyunda 5 qol vurub. 1999-2001-ci illərdə Bolqarıstanın 21 yaşlılardan ibarət yığma komandasında çıxış edən hücumçu meydana çıxdığı 20 görüşdə hesabında 6 qola imza atıb.

Yeri gəlmişkən, Almaniyanın məşhur transfermarkt.de saytı Todor Kolevin transfer qiymətinin 750 min avro olduğunu yazıb.

Qeyd edək ki, “İnter”də Kolevin iki həmyerlisi – qapıçı Svilen Semyonovla yarımmüdafiəçi Petar Zlatinov çıxış edir.
0