Elxan Məmmədov: Ən azı iki futbolçumuz Nürnberqə yollanacaq
15.12.2008 - 13:32
Elxan Məmmədov: Ən azı iki futbolçumuz Nürnberqə yollanacaq
“Nürnberqə səfərimiz zamanı bu şəhərin futbol akademiyasının rəsmiləri ilə keçirdiyimiz görüşlər çox maraqlı alındı. 2009-cu ilin ikinci yarısında Nürnberq futbol akademiyası ilə fəal əməkdaşlığa başlayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Ötən həftə AFFA-nın I vitse-prezidenti Rauf Əliyevlə birgə Almaniyada olmuş Məmmədov bildirib ki, əsas məqsəd xarici ölkələrin təcrübəsini öyrənməkdir: “Biz Nürnberqdə fəaliyyət göstərən akademiyasının iş prinsipi, tədris sistemi ilə tanış olduq. Bundan başqa, hazırda eyni şəhərdə tikilməkdə olan yeni akademiyaya da baş çəkdik, inşaat işlərini nəzərdən keçirdik. Ümumiyyətlə, mən indiyədək İsveçrə, Frankfurt və Nürnberq futbol akademiyalarında olmuşam. Bu yerlərin təcrübəni öz akademiyamıza da tətbiq edəcəyik”.

Nürnberq futbol akademiyası ilə hələlik müqavilə bağlanılmayıb. AFFA-nın baş katibi bunu obyektiv səbəblərlə əlaqələndirib: “Orada yeni akademiya gələn ilin yayında açılacaq. Məhz bu vaxt bizim nürnberqlilərlə əməkdaşlığımıza zəmin yaranacaq. Nürnberq futbol akademiyasına U-15 və ya U-17 yığmamızın ən azı 2 üzvü yollanacaq”.

Qeyd edək ki, AFFA rəhbərliyi yeniyetmə futbolçularımızın təlim-məşq toplanışı keçməsi üçün son yarım ildə Madrid “Real”ı, həmçinin Almaniyanın “Ayntraxt” və “Nürnberq” klubları ilə anlaşıb.
0