AFFA milli komandanın futbolçularını mükafatlandırdı
15.12.2008 - 14:44
AFFA milli komandanın futbolçularını mükafatlandırdı
Bu gün AFFA rəhbərliyi Avropa çempionatının ilkin seçmə mərhələsini uğurla adlayaraq, elit raunda vəsiqə qazanmış 17 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvlərini (U-17) mükafatlandırıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, mərasimdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov nitq söyləyiblər.

Onlar milli komandanın oyunçularını təbrik edərək, bu uğurun davamının gəlməsini arzulayıblar. Bildirilib ki, AFFA tərəfindən yığma üçün bundan sonra da yüksək səviyyədə şərait yaradılacaq, komandanın müvəffəqiyyət qazanmasından ötrü bütün zəruri addımlar atılacaq. Öz növbəsində, U-17-nin baş məşqçisi Bernard Lippert göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlıq edib.

Qeyd edək ki, milli komandamız Çernoqoriyada təşkil olunmuş qitə birinciliyinin ilkin seçmə mərhələsində 4 xalla ikinci yeri tutub (Bolqarıstan 3:1, Çernoqoriya 2:2, Polşa 1:3). U-17 elit raundda Hollandiya, Xorvatiya və Lüksemburqu sınağa çəkəcək. Bu mərhələnin bütün matçları 2009-cu il martın 19-dan 24-dək Lüksemburqda keçiriləcək.
0