Portuqaliyalı futbolçu: “Bakı”ya keçirəm
15.12.2008 - 14:53
Portuqaliyalı futbolçu: “Bakı”ya keçirəm
Bolqarıstan MOİK-inin futbolçusu Joze Rui karyerasını Azərbaycanda davam etdirəcəyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, adı “Bakı”nın transfer siyahısında olan portuqaliyalı yarımmüdafiəçi Yunanıstan səfərindən qayıdıb. MOİK-lə müqaviləsi yayda yarılanacaq Joze Rui onunla maraqlanan bir neçə yunan komandası, həmçinin Bolqarıstan “Vihren”i ilə də danışıqlar aparıb.

Bütün variantları götür-qoy edən futbolçu bakılıların heyətində çıxış edəcəyini daha real sayır: “Bəli, həqiqətən də “Bakı”ya keçəcəyəm. Keçidimlə bağlı ümumi məsələlərdə həm indiki, həm də yeni komandamla ortaq məxrəcə gəlmişik. Mövsümün sonunadək Azərbaycan təmsilçisində oynayacağımı söyləmək olar. Müqavilədə icarə müddəti bitən kimi geri, MOİK-ə dönməyim haqda da bənd daxil edilib”.

2007-ci ilin yayında MOİK-ə keçən Rui baş məşqçi dəyişikliyindən sonra heyətdəki yerini tədricən itirib. Hətta Dimitar Penev onu əvəzedicilərdən ibarət komandaya yollayıb. Belə olan halda, klub rəhbərliyi yüksək ödənişli futbolçuya böyük paralar xərcləməmək üçün portuqaliyalını başqa kluba verməyi qərara alıb.
0