Fərrux İsmayılov: “Qəbələ” mənimlə vidalaşmasaydı, özüm gedəcəkdim
15.12.2008 - 15:02
Fərrux İsmayılov: “Qəbələ” mənimlə vidalaşmasaydı, özüm gedəcəkdim
“Transferə çıxarılmağım mənim üçün gözlənilməz olmadı. Onsuz da qış fasiləsində komandadan gedəcəyimi qətiləşdirmişdim”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun transferə çıxardığı hücumçu Fərrux İsmayılov deyib.

Komandaya böyük ümidlərlə cəlb olunan 30 yaşlı hücumçu transferə çıxarılan 8 futbolçu arasında yer alıb. O, “Qəbələ”də oyununun alınmamağını ilk növbədə zədə problemi ilə əlaqələndirib: “Məşqdə barmağımdakı damarın qırılması nəticəsində iki ay oynamadım, ayağım gipsdə qaldı. Mənə demişdilər ki, dörd ay futboldan kənarda qalacaqsan. Ancaq deyilən vaxtdan tez sağaldım. İlk dövrənin sonunda isə ayağıma iynələr vuraraq, meydana çıxdım”.

İsmayılov “Qəbələ”nin ev oyunlarını keçirdiyi stadiondan gileylənib. Onun sözlərinə görə, futbolçuya elə meydanda özünü yaxşı tərəfdən göstərmək çətin məsələdir: “Meydan pis vəziyyətdədir, qazon əvəzinə daşın üstünə oynamalı olursan. Orada nəinki futbol oynamaq, heç yerimək olmur. Yayda “Qəbələ”yə keçdiyim zamanı da meydança elə kələ-kötür idi. Həmin vaxt bunu aradan qaldıracağını desələr də, ciddi dəyişiklik baş vermədi. Mən də hələ ilk dövrənin əvvəlində “Qəbələ”dən gedəcəyimi özüm üçün dəqiqləşdirmişdim. Baş məşqçimiz Ramiz Məmmədova demişdim ki, məni transferə çıxart. Komanda mənimlə qış fasiləsində vidalaşmasaydı belə, gedəcəkdim”.

Qeyd edək ki, Fərrux çempionatda 6 (314 dəqiqə), kubokda 2 (97 dəqiqə) oyun keçirdiyi “Qəbələ”də qol vurmayıb.
0