İqor Ponomaryov: “Xəzər-Lənkəran”dan heç kim getməyəcək
15.12.2008 - 15:11
İqor Ponomaryov: “Xəzər-Lənkəran”dan heç kim getməyəcək
“Bəzi oyunlarda komandanın lazımınca aqressiv olmadığını gördüm. Müdafiə xətti daha etibarlı ola bilərdi. Əslində, ayrı-ayrılıqda heç bir müdafiəçidən narazılıq etmək olmur. Amma hiss olunur ki, müdafiə xəttində əlaqə istənilən səviyyədə deyildi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib. Klubun rəsmi saytına açıqlama verən 48 yaşlı mütəxəssis hazırda İsveçdə “Xəzər Lənkəran”ın Premyer Liqanın ilk dövrəsində keçirdiyi oyunların videoyazılarını izləyir, heyəti gücləndirmək barədə düşünür və köməkçi axtarır. Daha bir köməkçini müəyyənləşdirməyən Ponomaryov Sergey Əzizovun ona yardım edəcəyi barədə yayılan xəbəri təkzib edib: “Hazırda komandanın məşqçilər korpusunda məndən başqa daha iki nəfər var – Samir Ələkbərovla Hafiz Əliyev. Daha bir nəfər də olacaq. Onun kimliyini hələ müəyyənləşdirməmişəm. Amma bunun Sergey Əzizov olmayacağını indidən deyə bilərəm”.

Olimpiya çempionu gələn ilin yanvarında Antalyada keçiriləcək təlim-məşq toplanışında “Xəzər-Lənkəran”ın bütün futbolçularının yollanacağını bildirib. Yeni futbolçuları cəlb etmək haqda düşünən Ponomaryov sözlərinə görə, Türkiyə səfərinədək heç kim komandadan getməyəcək: “İlk dövrədə komandada olan bütün oyunçular Türkiyəyə dəvətlidirlər. Hesab edirəm ki, böyük nəticələr əldə etmək istəyən komanda müntəzəm olaraq güclənməlidir. Hazırda seleksiya işi ilə də məşğulam. Amma konkret olaraq kimisə bəyəndiyimi və onun “Xəzər Lənkəran”a keçəcəyini söyləyə bilmərəm”.

Qeyd edək ki, Ponomaryov noyabrın 27-də “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunub.


0