Vasif Əliyev: “Türkiyəlilərin diqqətini cəlb etmişəm”
15.12.2008 - 16:53
Vasif Əliyev: “Türkiyəlilərin diqqətini cəlb etmişəm”
“Türkiyəyə gedişim gözlənilməz oldu. “Bakı” klubunda çalışan türkiyəli Tunc Afşar oyunumu bəyənib. O, mənə “Girəsunspor”a baxışa yollanmaq variantı təklif etdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın olimpiya yığma komandasının yarımmüdafiəçisi Vasif Əliyev deyib.

Türkiyənin birinci liqasında çıxış edən “Girəsunspor” klubunda baxışda olan 21 yaşlı futbolçu karyerasında ilk dəfə ölkədən kənarda çıxış edə bilər. Vasif türkiyəlilərin yaxşı qəbul etməsindən, ona böyük hörmət bəsləməsindən razılığını ifadə edib: “Burada Azərbaycan futboluna maraq var. Futbolumuza böyük diqqət yetirilməsindən xəbərdardırlar. Mən də özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram. Şükür Allaha işlərim yaxşı gedir. Məni sınayan türkiyəlilərin diqqətini iki qol vurmaqla cəlb etmişəm. Dörd gün əsas komanda ilə birgə məşq etdim. “Girəsunspor” son turda oyununu səfərdə keçirdiyi üçün klubun bazasında fərdi plan üzrə məşq edirəm. Bunun üçün ayrıca məşqçi ilə çalışıram”.

İlk dövrədə “Bakılı” klubunda çıxış edən Əliyev Türkiyənin aşağı divizionda çıxış etməsində problem görmür: “Burada hər şey yüksək səviyyədə qurulub. Belə şəraitdə oynamaq istəyim böyükdür. Özümü hazır sayıram. Hələ bir həftə Türkiyədə qalacağam. Menecerimin gəlişini gözləyirəm. Bundan sonra taleyimə aydınlıq gələcək. İnşallah, klubla müqavilə bağlayaram”.

Qeyd edək ki, “Girəsunspor” Türkiyənin birinci liqasında 18 komanda arasında 17-ci yerdə gedir.
0