Türkiyəli futbolçu Azərbaycana “əsgərliyə” gəlir
15.12.2008 - 17:38
Türkiyəli futbolçu Azərbaycana “əsgərliyə” gəlir
Türkiyəli futbolçu Musa Kuş karyerasını Azərbaycanda davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu ilin avqustun 11-dən müqavilə bağladığı “Kocaelispor”la yollarını ayırıb. Kocaeli şəhərini təmsil edən bu komanda Türkiyə Superliqasında cari mövsümdə sonuncu yerdədir.

Komandasıyla 2010-cu il mayın 31-dək müqaviləsi olan Musa hazırda “Girəsunspor”un düşərgəsində yer alıb. 1,76 metr boya, 73 kiloqram çəkiyə malik Kuşun ölkəmizə gəlmək istəyi ilk növbədə hərbi xidmətlə bağlıdır. Belə ki, Türkiyədə alternativ həqiqi hərbi xidmətlə bağlı qəbul olunan qərara əsasən, ölkə xaricində iki il legioner həyatı yaşayan idmançı vətənə qayıtdıqdan sonra cəmi üç həftə əsgərlik çəkir. İndiyədək bir sıra türkiyəli futbolçuların bu səbəbdən Azərbaycana gəldiyini nəzərə alsaq, Musa da adını bu siyahıya yazdıra bilər.

Peşəkar karyerasına 10 il öncə başlayan Musanın indiyədək yalnız vətənində çıxış etdiyini nəzərə alsaq, ilk legioner həyatını Azərbaycanda yaşaya bilər. O, “Kocaelispor”la yanaşı, “İstanbulspor”, “Sivasspor” və “Dənizlispor” klublarında çıxış edib.
0