İsgəndər Cavadov: əvvəl Siyəzənə, sonra Tovuza
15.12.2008 - 17:54
İsgəndər Cavadov: əvvəl Siyəzənə, sonra Tovuza
Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov əməli olaraq, öz vəzifəsinin icrasına başlayıb. Apasport.az saytının məlumatına görə, qurum rəhbərinin regionlara səfərinə start verilib.

Cavadov öncə Siyəzən rayonuna yollanaraq, vəziyyətlə yerindəcə tanış olub. “Neftçi”nin veteran hücumçusu burada Şimal Regional Futbol Federasiyasının rəsmiləri, futbol mütəxəssisləri, həmçinin rayon icra hakimiyyətinin nümayəndələri ilə görüşüb. RFF prezidentinə hesabat verilərək bildirilib ki, Siyəzəndə əsas problemlər - meydançaların yararsız vəziyyətdə, məşqçilərin işsizliyi, idman avadanlıqlarının çatışmazlığıdır.

Problemləri dinləyən Cavadov bunların həllinə çalışacaqlarını söyləyib. Fürsətdən istifadə edən RFF başçısı uşaqlara top və idman geyimləri bağışlayıb. Bundan başqa, veteran futbolçu yeniyetmələrdən ibarət Şimal yığması və Siyəzən komandaları arasında yoldaşlıq görüşünü də izləyib. Cavadovun dekabrın 22-də Tovuza səfəri nəzərdə tutulub. Federasiya rəhbəri ilin sonunadək bütün bölgələri gəzməyi planlaşdırıb.
0