Foqts Azərbaycan yığmasını Dubaya aparır
16.12.2008 - 11:59
Foqts Azərbaycan yığmasını Dubaya aparır
Azərbaycan futbol yığması dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya qarşı keçirəcəyi oyuna Asiyada hazırlaşa bilər. Bu haqda apasport.az saytına AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, milli komandamızın 2009-cu ilin yanvarın 29-dan fevralın 12-dək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ya Honkonqda təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub.

“Düzdür, hələlik ortada konkret razılıq yoxdur. Yığmamızın bu iki ölkədən birində təlim-məşq toplanışı keçməsi üçün hazırda danışıqlar aparırıq” - deyə Hüseynzadə vurğulayıb.

Baş məşqçi Berti Foqtsun yetirmələrini BƏƏ-yə aparacağı daha real görünür. Çünki burada qış aylarında çox əlverişli iqlim, eləcə də məşq üçün yaxşı stadionları var. Hüseynzadə bildirib ki, təlim-məşq toplanışının BƏƏ-də paytaxt Abu-Dabi, yaxud Dubay şəhərində təşkil olunması planlaşdırılıb: “Bütün bunlar planlarımız daxilindədir. Əgər milli komandamız Birləşmiş Ərəb Əmirliklərinə gedəsi olsa, Abu-Dabi və ya Dubayda hazırlaşacaq”.

Həmçinin, AFFA rəsmisi təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq görüşünün keçiriləcəyini söyləyib. Potensial rəqiblərimiz Sinqapur, Malayziya, Çin, Koreya, Honkonq və Makaodur. Bu ölkələrə AFFA tərəfindən göndərilən müraciətlərə hələ də cavab gəlməyib.

Qeyd edək ki, Azərbaycan və Rusiya yığmaları arasında dünya çempionatının seçmə matçı gələn il martın 28-də Moskvada oynanılacaq.
0