Zeynal Məmmədov: Joze Ruini almaq bizə sərf etmir
16.12.2008 - 14:13
Zeynal Məmmədov: Joze Ruini almaq bizə sərf etmir
“Portuqaliyalı hücumçu Joze Ruini yarım illik icarəyə götürmək istəyirik. Əgər klubu onu satmaq fikrində olsa, biz onu almayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən mövsüm Bolqarıstan çempionu olan MOİK-in portuqaliyalı futbolçusu Joze Ruiyə müştəri çıxan komandamız onu birdəfəlik transfer etməkdə maraqlı deyil. Məmmədov fikrini belə əsaslandırıb: “Jozenin transfer məbləği 150 min avrodur. Futbolçunu alası olsaq, bağlanılan müqaviləyə əsasən klubla yanaşı, onun özünə də müəyyən məbləği vermək lazımdır. Bu isə baha çıxır və biz də büdcədən kənara çıxa bilmərik. Futbolçunu icarəyə götürəndə vəziyyət fərqli olur. Bu zaman razılaşmaya görə futbolçuya 5-6 aylıq məvacibi ödəyirsən. Göründüyü kimi, bu variant maddi baxımdan çox sərfəlidir. Bildiyimə görə, Jozenin baş məşqçisi ilə problemi olduğu üçün ehtiyatda qalır və başqa kluba keçmək istəyir”.

Vitse-prezidentin sözlərinə görə, Joze Ruislə yanaşı, Polşanın yüksək liqasında çıxış edən “Arka” klubunun hücumçusu Marçin Şmiyesti də yarım illik icarəyə götürməklə bağlı danışıqlar aparırlar. Məmmədov bu variantı təkcə maddi amillə bağlamağı da düzgün saymır: “Yayda transfer etdiyimiz Georgi Xristov da yaxşı futbolçu idi. Ancaq oyunu alınmadığı üçün iki illik müqaviləni qarşılıqlı razılıqla pozmalı olduq. Maraq dairəmizdə olan legionerlərin keçidinin nə dərəcədə effekt verəcəyini görmək üçün onları icarəyə götürmək istəyirik. Yaxşı olsa, saxlayarıq, əks təqdirdə geri qaytararıq. Hələ də Bakıya gəlib çıxmayan Ruinin menecerindən zəng gözləyirəm”.

Qeyd edək ki, Rui Azərbaycanla yanaşı, Rusiyadan da təklif alıb.
0