Maşallah Əhmədov: Varlı kişinin oğlu futbolçu olmur
16.12.2008 - 15:07
Maşallah Əhmədov: Varlı kişinin oğlu futbolçu olmur
“AFFA-dan mənə dəvət gələcəyini çoxdan gözləyirdim. Buna görə də rəhbərliyin təklifini məmnuniyyətlə qəbul etdim. 13 il AFFA-dan kənarda qalmağıma heyfsilənirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Regional Futbol Federasiyalarının (RFF) vitse-prezidenti Maşallah Əhmədov deyib.

“Neftçi”nin veteranı bildirib ki, 1995-ci ildən indiyədək futboldan kənar sahələrdə çalışmasının bir sıra səbəbləri var: “O vaxtlar AFFA rəhbərləri futbol veteranlarını xoşlamırdılar. Çünki biz bu işi yaxşı bacarırdıq. Sadəcə, rəsmilər bilmirdilər ki, futbol veteranları elə AFFA-da işləməlidirlər”.

Əhmədov RFF-də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağını söyləyib: “Mənə vitse-prezident postunun tapşırılmasında İsgəndər Cavadovun da böyük rolu var. Yeni fəaliyyətə başlamışıq, ötən həftə Siyəzəndə olmuşuq. Bölgələrə belə mütəmadi səfərlər edib, futbolun inkişafına töhfə vermək istəyirik. Ölkəmizdə futbolu inkişaf etdirmək hamının - həm bizlərin, həm də sizlərin vəzifəsidir”.

Vitse-prezident, həmçinin Azərbaycan futbolunun spesifik problemindən də danışıb: “Həmişə demişəm ki, varlının oğlu futbolçu olmur. Bu, bütün dünyada belədir. Ona görə ki, varlı, imkanlı valideyn öz oğlunu soyuqda qaçmaqdan, soyuq su içməkdən, ayağına təpik dəyməkdən qoruyur və beləliklə, onu futboldan təcrid edir. Ən yaxşı halda, varlının oğlu futbolla həvəskar kimi məşğul olur. İndi elə zəmanə deyil ki, hər ailədə 8-10 uşaq doğulsun. Deməli, biz əlimizin altında olan materialdan düzgün istifadə etməliyik. Futbolu uşaqlar, yeniyetmələr arasında kütləviləşdirmək, bu idman növünün inkişafına nail olmalıyıq”.

Qeyd edək ki, Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, bu ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi RFF-də vitse-prezident postunu daşıyır.
0