Əfsanəvi futbolçunun məzarını dağıtdılar
16.12.2008 - 15:46
Əfsanəvi futbolçunun məzarını dağıtdılar
Dünya futbolunun əfsanəsi Ferents Puşkaşın məzarına basqın olub. Apasport.az saytının məlumatına görə, oğrular 2006-cı ildə dünyasını dəyişən macarıstanlı futbolçunun qəbrini dağıdıblar.

Puşkaşın Budapeştdəki məzarının üstündən gümüş şamdanlar və camlar, eləcə də bir sıra qədimi əşyalar yoxa çıxıb. Şəxsiyyətləri hələ müəyyənləşdirilməyən basqınçılar 79 yaşında həyatla vidalaşan futbolçunun məzar daşını da sındırıblar.

Xatırladaq ki, Puşkaş karyerası ərzində keçirdiyi 533 oyunda 511 dəfə fərqlənib. Müxtəlif vaxtlarda Macarıstan və İspaniya yığmalarının şərəfini qoruyub. 1952-ci il Olimpiadasının, Macarıstan və İspaniya çempionatının beşqat, Çempionlar kubokunun üçqat qalibi olub. Puşkaş sağlığında Macarıstanın bütün dövrlər üçün ən yaxşı futbolçusu, FİFA tərəfindən isə XX əsrin ən yaxşı bombardiri seçilib. Baş məşqçi postunda isə Yunanıstan və Avstraliya çempionatlarının qalibi olub. 1993-cü ildə bir neçə ay ölkəsinin milli komandasına rəhbərlik edib. 2002-ci ildə isə Budapeştdəki 68976 azarkeş tutumuna malik “Nepştadion” stadionuna onun adı verilib.
0