Georgi Nikolov: Kolev Azərbaycana gəlməz
16.12.2008 - 18:01
Georgi Nikolov: Kolev Azərbaycana gəlməz
“Todor Kolevin komandamıza keçidi gündəmdə deyil. Çətin ki, bu hücumçu Azərbaycanda oynamağa razılıq versin”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Bolqarıstan mətbuatı Todor Kolevin transferi ilə bağlı çıxış etdiyi Sofiyanın “Slaviya” klubuna təklif irəli sürməsi haqda məlumat yayıblar. Ancaq bunu təkzib edən “İnter”in prezidenti həmyerlisi ilə mövsümlərarası fasilədə maraqlandığını bildirib: “Kolevlə bağlı “Slaviya”nın prezidenti, klubun sahibi Ventsislav Stefanovla yayda söhbətim olmuşdu. Əslində bu, danışıqdan daha çox qeyri-rəsmi söhbət xarakteri daşıyırdı. Todorun qiyməti ilə maraqlananda məlum oldu ki, bu, transfer planlarımıza uyğun gəlmir. Bundan sonra Kolev variantına qayıtmadıq”.

Almaniyanın məşhur transfermarkt.de saytı Kolevin transfer qiymətini 750 min avro olduğunu yazır. Ancaq Nikolov bu rəqəmi real saymır: “Todorun transfer qiyməti bundan xeyli aşağıdır. O vaxt bizə deyilən məbləği dəqiq xatırlamıram. Amma təxminən 250 min avro olardı. Kolevin Azərbaycanda oynamaqda maraqlı olmadığını hesab etdiyim üçün, keçidi real saymıram. Bu hücumçunun yenidən Almaniyada çıxış etmək variantı var. Belə olan halda, həmyerlim Almaniyanı qoyub, buraya gəlməz”.

Qeyd edək ki, Sofiya “Levski”sinin heyətində həm çempionluq, həm də kubok qazanan Kolev ötən mövsümü Almaniyanın “Allemaniya” (20 oyun, 5 qol) klubunda keçirib.
0