Xodukin Zlatinovdan imtina edib
17.12.2008 - 18:47
Xodukin Zlatinovdan imtina edib
“İnter” bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinovun kiçik qardaşı Vladislavı transfer etməyi planlaşdırmır. Bu haqda apasport.az saytına məlumat verən klubun prezidenti Georgi Nikolovun sözlərinə görə, Sofiya “Levski”nin transferə çıxardığı 21 yaşlı bu hücumçunu yaxşı tanıyır. O bildirib ki, Vladislav “İnter”də baxışda olub: “Vladislav hələ Petardan əvvəl düşərgəmizə gəlmişdi. Onu təlim-məşq toplanışında sınadıq. Ancaq baş məşqçi Valentin Xodukin Vladislavı bəyənmədiyi üçün geri qaytardıq”.

Petarı ötən qış transfer edən “İnter” daha üç futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Uruqvaylı hücumçu Roman Quello ilə yeni müqavilə imzalanmayan son Azərbaycan çempionu qapıçı Fuad Əhmədov, müdafiəçi Samir Əbdürrəhmanov və yarımmüdafiəçi Mixail Kitelmanı icarəyə verməyə hazırdır.

Qeyd edək ki, “İnter” ötən mövsüm çempion heyətində yer alan bu üç futbolçu çox nadir hallarda oynayır. Paytaxt təmsilçisi cari mövsümdə meydana çıxmayan Əhmədov, Əbdürrəhmanov və Kitelmanın başqa klubda oyun praktikası qazanmasını istəyir.
0