Georgi Nikolov Bolqarıstana futbolçu seçməyə gedir
17.12.2008 - 18:55
Georgi Nikolov Bolqarıstana futbolçu seçməyə gedir
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Azərbaycanı tərk edir. Bu haqda apasport.az saytına məlumat verən Nikolov bildirib ki, ölkəmizə yanvarın 4-də qayıtmağı planlaşdırır: “İki gün Sofiyada qalacağam. “Levski” və “Botev” klubları bizə futbolçu təklif edib. Onların keçidini götür-qoy edəcəyik və son sözü baş məşqçimiz deyəcək. Həmin futbolçuları Valentin Xodukin bəyənsə, onları transfer edəcəyik. Konkret adlar hələ çəkməsəm də, bir şeyi indidən deyə bilərəm ki, azad agent statusuna malik futbolçunu alacağıq”.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 22-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında gündəlikdən duran məsələlərdən biri “İnter” rəhbərliyinin uzun müddət icarəyə götürdüyü “Şəfa” İdman-Sağlamlıq Mərkəzində görülən işlərlə bağlı hesabat verməsidir. Nikolov vətənində olduğundan həmin toplantıda iştirak etməyəcək: “Maliyyə direktorumuz və hüquqşünasımız həmin iclasda iştirak edərək, hesabat verəcək. Bu, gözlənilən prosesdir və AFFA ilə bağlanılan müqavilədə öz əksini tapıb. Əslində, biz arenada hər yenidən qurma işi aparmamışdan əvvəl AFFA-nı məlumatlandırırıq. Budəfəki hesabat maliyyə xarakteri daşıyacaq və gələcəkdə görülməsi nəzərdə tutulan işlərlə bağlı məruzə ediləcək”.
0