“Bakı” rəhbərliyi qaçqınları evlə təmin edəcək
17.12.2008 - 21:47
“Bakı” rəhbərliyi qaçqınları evlə təmin edəcək
“Qaraçuxur qəsəbəsində stadionumuzun inşasına yeni ildən sonra başlamağı planlaşdırırıq. Yeni stadion tikmək elə də asan iş deyil və bu, vaxt aparır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Yeni stadion tikməyi bir illik iş hesab etməyən Məmmədov qarşıya çıxan problemlərin həlli ilə məşğul olduqlarını bildirib: “Arena üçün ayrılan ərazidə yaşayan qaçqınları başqa yerə köçürüb, onları lazımı şəraitlə təmin etməliyik. Təkcə meydançanın ot örtüyü ilə bağlı işlər 7-8 ay vaxt aparır. Qaraçuxurdakı stadionun azarkeş tutumunun 7-8 min olması planlaşdırıb. Bundan əlavə, “Delfin” otelinin ətrafında sintetik örtüklü meydançanın inşası ilə də məşğuluq”.

“Bakı”nın vitse-prezidenti vurğulayıb ki, gələcəkdə ev oyunlarını “Bakılı” klubunun 8-ci kilometr qəsəbəsində tikilən stadionunda keçirmək variantını nəzərdən keçiriblər: “Həmin stadiondan “Bakılı” ilə şərikli istifadə etməyimiz mümkündür. Qaraçuxurdakı arenamızın həmin vaxtadək tam hazır ola bilməməsi bizi buna sövq edir. Premyer Liqanın növbəti mövsümündən başlayaraq, bir stadionun xidmətindən yalnız bir klub istifadə etməlidir. Biz güzəştə nail olmaq istəyirik. Yəni, öz stadionumuz hazır olana qədər rəqiblərimizi başqa arenada qəbul etməyə icazə verilsin. Nəzərə alsaq ki, digər klubların da öz stadionları hələ hazır deyil, təklifə müsbət cavab veriləcəyinə ümid edirik”.
0