5 ilə 12 klub dəyişən futbolçu
18.12.2008 - 14:04
5 ilə 12 klub dəyişən futbolçu
Türkiyənin “Ankaragücü” klubundan ayrılan Tolqa Doğantez yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, əvvəllər “Beşiktaş”, “İstanbulspor”, “Gənclərbirliyi” kimi komandalarda oynamış futbolçu son 5 ildə 12 dəfə komandasını dəyişməyə məcbur olub.

33 yaşlı futbolçu karyerasının əvvəlki illərində çıxış etdiyi komandalarda daha uzun müddət oynayıb. 1994-cü ildə peşəkar karyerasına başlayan Tolqa 4 ay “Turqutlu”da oynadıqdan sonra “Bornova”ya keçib və 1996-cı ilədək bu komandada çıxış edib. Sonra bir il “Göztəpə”, altı ay “Adıyaman”ın formasını geyən dayaq yarımmüdafiəçisi sonrakı beş ili “Gənclərbirliyi”ndə keçirib. 2002/03 mövsümünü keçirdiyi “Beşiktaş”dan ayrıldıqdan sonra bir yerdə duruş gətirə bilməyən Tolqa 1994-2003-cü illərdə cəmi 7 dəfə klub dəyişib.

Əvəzində 2003-cü ilin yazından sonra Tolqa 12 komandada oynayıb. 11 dəfə müqaviləsini klubla qarşılıqlı razılaşma ilə pozan oyunçu üç dəfə “Ankaragücü”ndə peyda olubsa, “Samsunspor” və “Ankaraspor”la da iki dəfə anlaşıb. Bundan başqa, “İstanbulspor”, “Diyarbəkirspor”, “Çaykur Rizəspor”, “Sivasspor” və “Gənclərbirliyi”nə də baş çəkən orta sahə oyunçusu iki dəfə FİFA qaydalarını pozub. Belə ki, qurum bir futbolçunun mövsüm ərzində üç komandada oynamağına qadağa qoysa da, Tolqa xüsusi güzəştlə iki dəfə Türkiyə çempionatını üç formada keçirib.
0