Musa Kuş: “Xəzər-Lənkəran”dan təklif almışam
18.12.2008 - 15:52
Musa Kuş: “Xəzər-Lənkəran”dan təklif almışam
Türkiyənin “Sivasspor” klubunun sabiq futbolçusu Musa Kuşun apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, Azərbaycanda oynamaq istəyirsiniz...
- Həqiqətən də belə istəyim var. Azərbaycanı özümə yaxın ölkə sayıram. Orada bir çox tanışlarım var. Bunlar həm iş adamlarıdır, həm də futbolçular.

- Futbolçulardan kimi nəzərdə tutursunuz?
- Ölkənizdə bir sıra həmyerlilərim çıxış edir. “Xəzər-Lənkəran”dan Devran Ayhan, “Neftçi”dən Suat Usta ilə mütəmadi əlaqə saxlayıram. Onlar Azərbaycan futbolu haqda yüksək fikirdədirlər. Bütün bunlar marağımı artırıb.

- Elə isə sizi nə vaxt Azərbaycanda görə biləcəyik?
- Mövsümün sonunda.

- Bəs indi niyə gəlmirsiniz? Hər halda, Türkiyənin aşağı divizionunda çıxış edən “Girəsunspor”la müqayisədə Azərbaycanda oynamaq variantı daha cəlbedici görünə bilər.
- Bu klubun prezidenti ilə ailəvi dostuq. Ona 3 ay komandasında oynayacağı ilə bağlı söz vermişəm. Öz təcrübəmlə “Girəsunspor”a kömək etmək istəyirəm. Mövsümün sonunda sərbəst futbolçu olacağam və həmin vaxt Azərbaycana gəlmək fikrindəyəm.

- İlk dövrəni “Kocaelispor” klubunda keçirdiniz. Bu komandanı turnir cədvəlində sonuncu yerdə getdiyi üçün tərk etdiniz?
- “Kocaelispor”da problemlə üzləşdim. Pulumu vermədilər. Mənə borclu olan komandada çıxışımı davam etdirmək istəmədim. Belə olan halda, “Girəsunspor” variantını dəyərləndirdim.

- Milli komandamızın üzvləri Rəşad Sadıqovla İlqar Qurbanov Türkiyə Superliqasında oynayıblar. Onlar haqda nə deyə bilərsiniz?
- Rəşadı “Kayserispor” klubundan xatırlayıram. Türkiyədə elə də çox oynamadı. İlqar da mənim kimi “Sivasspor”da çıxış edib. Sadəcə, o ötən ilin yayında gələn zamanı mən bu komandanı tərk etmişdim. Buna görə də onunla komanda yoldaşı ola bilmədim. Ancaq buna baxmayaraq, İlqarla şəxsi tanışlığım var.

- “Sivasspor”da bolqarıstanlı hücumçu İvan Svetkovla bir yerdə oynamısınız...
- Doğrudur. Sonradan yollarımız ayrıldı.

- Svetkov hazırda “Xəzər-Lənkəran”da çıxış edir və vurduğu 11 qolla Azərbaycan çempionatında ən məhsuldar hücumçudur...
- Bundan xəbərim yoxdur. Mən ümumiyyətlə, Svetkovun karyerasını ölkənizdə davam etdirdiyi bilmirdim. Svetkov məhsuldar hücumçudur. Onda bombardirlik keyfiyyətləri var. Devranla söhbətimdə Svetkov haqda danışmamışıq.

- Daha iki futbolçumuz – Ramal Hüseynovla Vasif Əliyev “Girəsunspor”da sizinlə komanda yoldaşı ola bilərlər...
- Vasiflə artıq bir neçə gündür birgə hazırlıq keçirik. Vasif haqda yaxşı fikirdəyəm. Gənc, perspektivli, yaxşı futbolçudur. Onunla bir yerdə oynamaq istərdim. Mən klub prezidentinə Vasifi götürməyi tövsiyə etmişəm. İnşallah, Əliyev baxışdan uğurla keçər.

- Azərbaycanda hansı komandalarda oynamaq variantları var?
- Əslində təkliflər çoxdur. Mənim üç menecerim var və onlar karyeramı harada davam etdirmək variantı üzərində çalışırlar.

- Rasim Kara “Xəzər-Lənkəran” və “Qarabağ”ı çalışdırdığı zaman bir sıra həmyerlilərini komandaya gətirdi. Sizin də həmin vaxt Azərbaycana gəlmək variantınız olubmu?
- Olub. Yayda “Xəzər-Lənkəran”a keçmək variantım vardı. Bu təklifi mənə Kara etdi. Onunla “Xəzər-Lənkəran”da oynamaqla bağlı söhbətimiz oldu. Ancaq mövsümlərarası fasilədə “Kocaelispor”dan təklif gəldi. Həmin variant diqqətimi daha çox cəlb etdi. Karanın “Xəzər-Lənkəran”dan getdiyini bilirəm.

- Bir sıra türkiyəli futbolçu əsgərlik problemini həll etmək üçün Azərbaycana gəlir. Belə ki, Türkiyədə alternativ həqiqi-hərbi xidmətlə bağlı qəbul olunan qərara əsasən ölkə xaricində iki il legioner həyatı yaşayan idmançı vətənə qayıtdıqdan sonra cəmi üç həftə əsgərlik çəkir. Deyilənə görə, sizdə də belə problem var.
- Azərbaycana oynamaq istəyi ilə gələcəyəm. Əsgərliklə bağlı problemim yoxdur.

- Azərbaycanda çıxış edən legionerlər maddi baxımından yaxşı qazanırlar. Demək olarmı ki, sizi də bura çəkən puldur?
- Maddi amillərin rolu olsa da, hər şeyi buna bağlamaq düzgün olmazdı. Ölkənizdə həm maddi, həm də mənəvi amillərə görə gəlmək istəyirəm.
0