Rəşad Sadıqov yanvarda yenidən “Valyadolid”ə baxışa gedəcək
18.12.2008 - 19:41
Rəşad Sadıqov yanvarda yenidən “Valyadolid”ə baxışa gedəcək
“Rəşadın ikinci komandada məşq etməsi müvəqqəti haldır. Biz onun əsas heyətə keçidi üçün çalışırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında İspaniyanın “Valyadolid” klubuna baxışa yollanan Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun agenti Kamil Məmmədov deyib.

Artıq beş gündür Pireney yarımadasında olan həmyerlilərimiz ispanların diqqət mərkəzindədir. Məmmədovun sözlərinə görə, hava şəraiti onların planını pozub: “Son turda keçirdiyi oyundan sonra “Valyadolid” futbolçuları istirahətə buraxıb. Bu səbəbdən B komandasında hazırlıq keçməli olduq. Əsas komanda məşqlərə başlayan zamanı ikitərəfli oyun keçirmək nəzərdə tutulmuşdu. Qarışıq heyətlərin görüşündə Sadıqov da yer almalı idi. “Valyadolid”in baş məşqçisi bu sınaq matçında futbolçumuzu izləmək istəyirdi. Ancaq qar yağdı deyə, bu baş tutmadı”.

Məmmədov bildirib ki, qar yağdığından futbolçumuzun yer aldığı komanda sintetik örtüklü meydançada məşq edir. Hava şəraitinin tədricən yaxşılaşdığını deyən FİFA agentinin bildirdiyinə görə, “Valyadolid”in çalışdırıcısı Xose Luis Mendillibar artıq Rəşadı iş başında görüb: “Onlar ikinci komandanı da diqqətdə saxlayırlar. Yaxın günlərdə klub rəsmiləri ilə Sadıqovla bağlı söhbətimiz olacaq. Burada futbolçunu dərhal komandaya götürmürlər. Yayda Hollandiyanın “Alkmaar” klubundan “Valyadolid”ə gələn futbolçu 22 gün baxışda olub və ondan sonra haqqında qərar veriblər. Rəşada burada gözlədiyimizdən artıq maraq var. İspanlar verdiyimiz informasiya ilə kifayətlənməyib, əlavə məlumat toplayıblar. “Valyadolid” həftəsonu Primeroda “Numansiya” ilə oyuna hazırlaşır. Bundan sonra Primeroda uzun müddətli fasilə yaranacaq və çempionatda yanvarda davam veriləcək. Həmin müddətdə geri qayıdıb, sonradan bir daha İspaniyaya yollanmağı məqsədəuyğun sayırıq”.
0