Rəşad Sadıqov İspaniyada üçüncü liqanın autsayderində baxışdadır
18.12.2008 - 18:24
Rəşad Sadıqov İspaniyada üçüncü liqanın autsayderində baxışdadır
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov İspaniya mətbuatının diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, ispan həmkarlarımız “Valyadolid”ə baxışa yollanan 26 yaşlı müdafiəçinin hələ də ikinci komandası ilə hazırlıq keçdiyini bildirir. Onların fikrincə, dünyada yaranan maliyyə böhranı dünya futbolunda qeyri-adi bazarlara yolun açılmasına səbəb olub. Elə bu səbəbdən ispanlar Azərbaycan yığmasının ulduzu saydıqları Rəşadı sınamaq qərarına gəliblər.

Məlumatda vurğulanır ki, Sadıqovun baxışa yollanması bizimkilərin təşəbbüsü ilə gerçəkləşib. Onların sözlərinə görə, futbolçunun nümayəndələri Rəşadın komandayla birgə hazırlıq keçməsi barədə klub rəhbərliyinə müraciət ediblər.

“Valyadolid”in əsas komandası Primeronun birinci dövrəsini son turu çərçivəsində bazar günü “Numansiya” ilə görüşəcək. Bunu nəzərə alan rəhbərlik baxışda olanlara özlərini ikinci komandada göstərməyə imkan yaradıb. Ancaq rəhbərlik ikinci komandada məşq edən Rəşadı daha diqqətlə izləyir.

Qeyd edək ki, hazırda Rəşadın məşq etdiyi “Valyadolid”in ikinci komandası İspaniya çempionatının üçüncü dəstəsində çıxış edir. Sequndanın B divizionunun 1-ci qrupunda mübarizə aparan ikinci komanda 17 turdan sonra 20 komanda arasında sonuncu yerdə qərarlaşıb.
0