Yunanlar Anatoli Ponomaryova “atıb”lar
19.12.2008 - 15:12
Yunanlar Anatoli Ponomaryova “atıb”lar
“Yunanıstandan yenicə qayıtmışam. Bu ölkəyə ikinci səfərimdə də razılığa gələ bilmədik. Onlar şərtlərimi qəbul etmədilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Ponomaryov deyib.

Hazırda İsveçdə olan 26 yaşlı futbolçu karyerasını yenidən Yunanıstanda davam etdirmək istəsə də, hələlik arzusuna çatmır: “Yunanlar sözlərinin üstündə durmadılar. Hələ bu ölkəyə ilk səfərim zamanı şərtlərimi deyərək, cavab gözləyirdim. İsveçdə olduğum zamanı mənimlə əlaqə saxlayan klub prezidenti ilə söhbətdən sonra ortaq məxrəcə gəldik. Yunanıstana növbəti səfərim zamanı rəsmən anlaşacağımı düşündüyüm halda, yenidən maliyyə məsələsində fikir ayrılığı yarandı. Mən yaxşı, sərfəli müqavilə bağlamaq istəyirəm”.

Yunanıstan mətbuatında Ponomaryovun bu ölkədə çıxış etmək variantı haqda xəbərə rast gəlinmir. Bunu normal qarşılayan futbolçu fikrini belə əsaslandırıb: “Rəsmi müqavilə imzalanmayıb. Danışıqlar apardığım həmin yüksək liqa klubu adını açıqlamamağı məndən xahiş edib. Buna görə də sizə ad çəkə bilmərəm. Bunu başqa klubla müqavilə bağlayandan sonra edərəm. Belə götürəndə Yunanıstan variantını artıq bitmiş saymaq olar. Düzdür, yunanlar son sözlərini desələr də, yenidən əlaqəyə girəcəkləri istisna deyil. Hər halda, onlar fikirlərini dəyişdiyindən, nə desən gözləmək olar”.

Başqa klublara keçmək variantı olan Anatoli ilk növbədə maliyyə amilini üstünlük vermədiyini bildirib. Transfer məbləğinin fərqinə ciddi varmadığını deyən millimizin üzvü tələsmək fikrində deyil: “Onsuz da kifayət qədər vaxtım var. Bir neçə variant olan İsveçdə martın 31-dək müqavilə imzalamağım mümkündür. Avropada “transfer pəncərəsi” yanvarın 31-də bağlanır. Azərbaycanda isə ikinci dövrənin startına hələ iki ay var. Yunanıstan və İsveçdə oynamaq variantımın olduğunu deməklə, nə özümü reklam edir, nə qiymətimi qaldırıram. Heç belə niyyətim, buna ehtiyacım da yoxdur. Heç vaxt klubsuz qalmamışam və qalmaram da”.

Atası İqor Ponomaryovun üç həftə öncə baş məşqçi təyin olunduğu “Xəzər-Lənkəran”la danışıq aparmadığını bəyan edən Anatoli bu kluba keçidini zamanın ixtiyarına buraxıb: “Xəzər-Lənkəran”da oynamaq maraqlı olardı. Amma ortada bir şey yoxdur. Fikrimcə, lənkəranlılar məni yaxşı tanıyır və futbolçu kimi potensialıma bələddirlər. Bu variant nə vaxtsa gündəmə gələ bilər. Atam hazırlıq prosesində komanda ilə yaxından tanış olub, hansı mövqelərə futbolçu gətirmək lazım olduğunu müəyyənləşdirməlidir”.

Qeyd edək ki, Premyer Liqamızda qış “transfer pəncərəsi” ikinci dövrənin startı ərəfəsində, fevralın 14-də bağlanacaq.
0