“Girəsunspor”un prezidenti: Azərbaycanlı futbolçuları bəyənmişik
19.12.2008 - 19:02
“Girəsunspor”un prezidenti: Azərbaycanlı futbolçuları bəyənmişik
“Ramal Hüseynov və Vasif Əliyevlə ciddi maraqlanırıq. Onların transferinə qarşıdakı günlərdə tam aydınlıq gələcək”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Girəsunspor” klubunun prezidenti Olqun Peker deyib.

Bu ay prezident postuna gələn Peker azərbaycanlı futbolçuları komandasında görmək istəyir. O, Ramalla Vasifin heyətə qatılması ilə komandasının yarımmüdafiə xəttinin güclənəcəyini düşünür: “Ramalın oyununu bəyənmişəm. Onun baxışdan keçirməyə ehtiyac görmürük. Hüseynovla birbaşa müqavilə bağlamaq fikrindəyik. Bu məqsədlə futbolçunuzu bura dəvət edəcəyik. Maliyyə məsələlərini həll etdikdən sonra Ramalı məxsus olduğu “Bakı”dan yarım illiyə icarəyə götürəcəyik. Vasifə gəlincə, onu baxışa dəvət etmişik. Futbolçunuz bir neçə gündür hazırlığımıza qatılıb. Əliyevlə bağlı qərarı məşqçilərimizlə birgə verəcəyik. Onun da komandamıza keçmək şansını yüksək qiymətləndirmək olar. Azərbaycanlı futbolçularla bağlı klubdaxili toplantımızda qərar verəcəyik”.

Qeyd edək ki, Hüseynov ilk dövrəni “Bakı”, Əliyev isə “Bakılı”nın heyətində keçirib.
0