“Rəşad Sadıqovun “Valyadolid”in əsas heyətinə düşmək şansı sıfıra bərabərdir”
20.12.2008 - 12:32
“Rəşad Sadıqovun “Valyadolid”in əsas heyətinə düşmək şansı sıfıra bərabərdir”
İspaniya mətbuatı “Valyadolid” klubunda baxışdan keçən Azərbaycan milli komandasının və “Neftçi”nin üzvü Rəşad Sadıqovu gündəmdə saxlayır. Apasport.az saytının məlumatına görə, yerli qəzetlər futbolçumuzun perspektivi ilə bağlı maraqlı materiallar dərc edirlər.

Onların fikrincə, “Valyadolid” rəhbərliyini bu addımı atmağa iqtisadi böhran məcbur edib. Bununla belə, Sadıqovun cari mövsümdə əsas komandaya düşmək şansı sıfıra bərabər sayılıb. Onun İspaniyanın üçüncü divizionunda mübarizə aparan ikinci komandanın hazırlığına qatılması da bundan xəbər verir. Həmkarlarımız eyni zamanda, həmyerlimizin əsas komandada möhkəmlənmək üçün var gücü ilə çalışdığını vurğulayıblar.

Şərhlərdə ölkəmizdə bu variantın gerçəkləşəcəyinə inananların sayının az olduğu da əksini tapıb. Əsas səbəb kimi isə 26 yaşlı futbolçumuzun son dövrlər “Neftçi”nin heyətindən kənarda qalması göstərilir. Bununla belə, yerli jurnalistlər və fanatlar sadə azərbaycanlı oğlanın Qərbi Avropada özünə yol açmaq istəyini böyük maraqla izləyirlər. Sadıqovun yanvarda yenidən “Valyadolid”in düşərgəsinə yollanacağı da birmənalı şəkildə qeyd olunub.
0