Xodukin: Belkeviç Azərbaycan futbolunun səviyyəsini düzgün qiymətləndirmədi
20.12.2008 - 15:03
Xodukin: Belkeviç Azərbaycan futbolunun səviyyəsini düzgün qiymətləndirmədi
“Bizim çempion olduğumuz ötən mövsüm “Simurq” əsas rəqiblərimizdən xallar almaqla bizə kömək etdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Hazırda vətənində olan 69 yaşlı ukraynalı mütəxəssis yerli mətbuata müsahibə verib. Həmyerlilərinin suallarını cavablandıran Xodukin digər ukraynalı mütəxəssis Roman Pokoranın başçılıq etdiyi “Simurq”un dəyişdiyini bildirib: “Lakin indiki “Simurq” əvvəlki kimi deyil. Əvvəllər hamının güclülərin qənimi kimi tanıdığı komandanın özü də artıq qızıl medallara iddialıdır. Pokoranın yetirmələri xüsusilə də arxa xətdə etibarlılığı ilə seçilir ki, burada da ukraynalılar Mixaylo Starostyak və Taras Çopikin təcrübəsi hiss olunur”.

Xodukin digər həmyerlisi Anatoli Demyanenkonun “Neftçi”dən ayrılmasının da səbəbini açıqlayıb: “Buna hər hansı şərh vermək çətindir. Həm də düzgün deyil. Mən onunla söhbət edib, Azərbaycanla bağlı bəzi nüansları bölüşmək istəyirdim. Axı Şərq incə məsələdir”.

69 yaşlı mütəxəssis Kiyev “Dinamo”sundan transfer olunan Valentin Belkeviçin Bakıda hansı problemlərlə üzləşdiyini də açıqlayıb: “Valentin Azərbaycan futbolunun səviyyəsini düzgün qiymətləndirməmişdi. Üstəlik, oyun praktikasının da yoxluğu onun heyətə düşməsinə imkan vermirdi. Amma sonda özünə gələn Belkeviç axırıncı 6 qarşılaşmada əvəzolunmadan çıxış etdi. İndi “İnter”in onunla müqaviləsi çatıb. Lakin biz onu komandada saxlamaq üçün çalışırıq”.
0