Elxan Məmmədov: Həmin klubların cəzalandırılacaqları istisna deyil
22.12.2008 - 12:50
Elxan Məmmədov: Həmin klubların cəzalandırılacaqları istisna deyil
“Yığmamızın gələn ilin yanvarında keçirəcəyi təlim-məşq toplanışının klublara problem yaratmayacağını düşünürəm. Çünki bu hazırlıq prosesi ilə bağlı Berti Foqts hələ 3-4 ay əvvəl klub məşqçilərinə məlumat vermişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Onun bildirdiyinə görə, qarşıdakı təlim-məşq toplanışı futbolçuların oyun təcrübələrini artırmaları üçün yaxşı imkandır: “Milli komandanın inkişafı klubların da maraq dairəsindədir. Həm də nəzərə almaq lazımdır ki, bəzi yığma üzvləri Premyer Liqanın ilk dövrəsində 1170 dəqiqənin 300-400 dəqiqəsini meydanda olublar. Belə futbolçular üçün milli komandanın düşərgəsində olmaq, təlim-məşq toplanışlarına qatılmaq vacib şərtdir”.

Klubların yanvarda yığmaya futbolçu buraxmaması ehtimalına toxunan Məmmədov vurğulayıb ki, bu zaman müvafiq təbdir həyata keçiriləcək: “Əgər hansısa klub ikinci dövrəyə hazırlığını əsas gətirib, milli komandaya oyunçu buraxmasa, AFFA-nın müvafiq departament və ya komitəsinə müraciət edəcəyik. Bir sözlə, həmin komandaların cəzalandırılacaqları istisna deyil”.

Baş katib, həmçinin təlim-məşq toplanışının təşkil olunacağı yerin hələlik müəyyənləşmədiyini söyləyib: “Dörd ölkədən cavab gözləyirik. Bunların arasında həm Avropa, həm də Asiya ölkələri var. Hazırlıq prosesi Asiyada gerçəkləşə bilər. İqlim şəraitini və meydançaların vəziyyətini nəzərə alıb, belə qərara gəlmişik”.

Qeyd edək ki, dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya qarşı oyuna hazırlıq xarakteri daşıyacaq təlim-məşq toplanışının 2009-cu il 29 yanvar - 12 fevral aralığında keçirilməsi nəzərdə tutulub.
0