İlqar Quluzadə: “Neftçi” transferə çıxardığı futbolçuları sərbəst buraxmayacaq
22.12.2008 - 13:07
İlqar Quluzadə: “Neftçi” transferə çıxardığı futbolçuları sərbəst buraxmayacaq
“Transferə çıxardığımız futbolçulara görə müəyyən məbləğdə pulun istənilməsi klubun daxili işidir. Komandamıza bizimlə müqaviləsi olan futbolçular üçün müraciət edilərsə, danışıqlara hazırıq”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

“Neftçi”nin almaniyalı baş məşqçisi Hans-Yurgen Gedenin əsas heyətdən kənarlaşdırdığı futbolçuların müqavilələrinin olması, onların başqa kluba keçidinə imkan vermir. Həmin oyunçularla danışıqların nəticəsini mətbuat üçün açıqlamağa lüzum görməyən Quluzadə dünya praktikasını misal çəkib: “Məgər “Milan”, “Yuventus”, “Real” kimi klublar vidalaşdığı futbolçuları havayı buraxırlar? Biz həmin futbolçuları qovmamışıq, transferə çıxarmışıq. Klubun transferə çıxardığı futbolçuya görə pul istəməsi normal bir şeydir. Dünya praktikasında buna kifayət qədər rast gəlinir. Heyətə cəlb etmək istədiyimiz 1993-cü il təvəllüdlü futbolçuya görə 5000 dollar pul istəyirlər. Əslində, buna qarşı çıxmıram. Futbolçunu 16-17 kimi yaşa kimi yetişdirənlər zəhmətinin qarşılığını istəyirlər. Klublarımız nə vaxta kimi yalnız xərcləyəcək?”

Klubların gəlir də götürməsinin vacibliyini qeyd edən vitse-prezidentdən Georgi Adamiya ilə danışıqların nəticəsini xəbər aldıq. Transferə çıxarılan 27 yaşlı gürcüstanlı hücumçu Tiflisdən Bakıya gələcək taleyini aydınlaşdırmaq üçün gəlib. Quluzadə Adamiyadan kompensasiya istənilməsini normal hal sayır: “Adamiya “Neftçi”dən külli miqdarda pul alıb. Belə olan halda, onu sərbəst buraxa bilərik? Georgi son üç ildə çempionluğu qazana bilməyən komandamızın əsas futbolçularından biri olub. 4 il Azərbaycanda olan çörəyimizi yedi, suyumuzu içdi. Bakıya köhnə maşınla gəlmişdi, BMV-də getdi. Bütün bunlardan sonra futbolçuya deməliyik ki, istənilən kluba sərbəst keçə bilərsən? Axı bu, düzgün deyil”.

Qeyd edək ki, “Neftçi”nin Adamiya ilə cari mövsümün sonuna qədər müqaviləsi var.
0