“Mahmud Qurbanovla Valentin Belkeviç bizə lazımdır”
22.12.2008 - 14:20
“Mahmud Qurbanovla Valentin Belkeviç bizə lazımdır”
“Qış fasiləsində komandamızda ciddi dəyişiklik edilməyəcək. Bizi gələn il Moskvada “Birlik kuboku”, Azərbaycan Premyer Liqası və kubokunda ciddi sınaq gözləyir. Bu səbəbdən də mövsümün ortasında itkilərin olması arzuolunmazdır. Əksinə, heyəti qoruyub saxlamaq vacibdir”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Ukraynalı çalışdırıcının sözlərinə görə, müqaviləsi bitən futbolçularla vidalaşmaqda maraqlı deyillər: “Bizdə müqaviləsi başa çatan üç futbolçu var. Bunlar Mahmud Qurbanov, belaruslu Valentin Belkeviç və uruqvaylı Roman Quellodur. Hazırda vətənində olan Quello ilə danışığımız belə olub ki, lazım olarsa, dəvət göndərib, yeni anlaşma imzalayacağıq. Mahmudla Valentinin “İnter”dəki gələcək taleyi onların maraqlarından asılıdır. Bunun bizə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək lazımdır. Onların rəhbərliklə söhbəti olacaq. Danışıqlar nəticəsində bu məsələdə razılığa gəlsək, futbolçularla anlaşmanın müddətini uzadacağıq. Tək Qurbanovla Belkeviç yox, sərəncamımda olan bütün futbolçular mənə lazımdır. Hansısa futbolçunu buraxmaq istəmirik”.

Hazırda vətənində olan 69 yaşlı mütəxəssis həftəsonu Azərbaycana qayıdacaq. Həmin vaxt futbolçuların taleyinə aydınlıq gətirəcək baş məşqçinin sözlərinə görə, onlara təkcə Bolqarıstandan futbolçu təklif olunmayıb: “Çox xoşdur ki, bizə həm Bolqarıstan, həm də Mərkəzi Avropa, Baltikyanı ölkələrdən oyunçular təklif edilir. Ancaq hansı yeni futbolçuları transfer edəcəyimizi indidən demək olmaz. Bunda para məsələsinin, dünyada baş verən maliyyə böhranının təsiri böyük olacaq”.

Qeyd edək ki, “İnter”in prezidenti Georgi Nikolov hazırda Bolqarıstanda transfer məsələləri ilə məşğuldur.
0