Araz Nəsirov: Komandada təşkilati işlərdə nöqsanlar var idi
22.12.2008 - 18:16
Araz Nəsirov: Komandada təşkilati işlərdə nöqsanlar var idi
“Vitse-prezident postundan gedişim mənim üçün gözlənilməz olmadı. Çünki bu posta təyin olunan zaman klublar əməkdaşlığımızın müvəqqəti olacağını razılaşdırmışdıq”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunda vitse-prezident postundan kənarlaşdırılan Araz Nəsirov deyib.

Bu ilin avqustunda Tuyqun Nadirovun əvəzinə vitse-prezident postuna təyin edilən Nəsirov bu vəzifədə dörd ay çalışıb. “Xəzər-Lənkəran”da yeni sistem yaradan səbəbkar missiyasını başa çatmış sayır: “Vitse-prezident postuna təyin olunduğum zamanı klubun təşkilati işlərində nöqsanlar var idi. Bu problemləri aradan qaldırmaq üzərimə düşən öhdəçiliklərdən biri idi. İdarəçilik, təşkilatçılıqda olan təcrübəmlə, təşəbbüsümlə və rəhbərliyin dəstəyilə çatışmazlıqları aradan qaldırdıq. Kluba yeni baş məşqçi təyin olundu. “Xəzər-Lənkəran”da işimi bitmiş sayıram. Buna görə dəyişiklik labüd idi. Təyinatla yenidən “Palmalı” Şirkətlər Qrupunun İstanbuldakı baş ofisində çalışacağam”.

Nəsirov “Xəzər-Lənkəran”da qısa müddətdə fəaliyyətini səmərəli sayır: “Bu, mənim üçün böyük təcrübə oldu. Futbolun incəliklərini öyrənmək imkan qazandım. Mətbuat nümayəndələri ilə yaxından tanış olub, onlarla tez-tez ünsiyyət qurdum. Hesab edirəm ki, “Xəzər-Lənkəran”da topladığım təcrübə gələcək işlərimdə də kömək edəcək”.
0