Löv Azərbaycan yığmasını rəqib saymır
22.12.2008 - 18:41
Löv Azərbaycan yığmasını rəqib saymır
Azərbaycanla eyni qrupa düşən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv müqaviləsinin müddətini uzatmağa tələsmir. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis milli komanda ilə cari seçmə mərhələ oyunlarının sonuna qədər yeni anlaşma imzalamayacağını bəyan edib. Yığma komandasının 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmağı öz taleyindən üstün tutan Löv rəqibləri arasında millimizi görmür. Qrupda yer alan komandalar arasında Rusiya, Finlandiya və Uelsi qabaqlamağın vacibliyini deyən mütəxəssis gözlənildiyi kimi, Azərbaycan və Lixtenşteynin adını çəkməyib: “Fikrimcə, hər iki tərəf - həm mən, həm də Almaniya Futbol İttifaqı müqavilə ilə bağlı bütün məsələləri final mərhələsinə çıxanadək həll etməkdə maraqlıdır”.

Qeyd edək ki, Almaniya gələn ilin avqust və sentyabrda Azərbaycanla ardıcıl iki dəfə görüşəcək. Milli komandamız həmin rəsmi oyunlarda almanlardan xal almaqla, Lövü peşman edə bilər.
0