Azərbaycanlı futbolçu: Şükür Allaha, yaxşı qurtardım!
23.12.2008 - 01:07
Azərbaycanlı futbolçu: Şükür Allaha, yaxşı qurtardım!
“UEFA-nın qərarları müzakirə olunmur. Allaha Şükür, mənə 5 və ya 10 deyil, cəmi 2 oyunluq cəza verdilər. Məni yeganə təəssüfləndirən məqam odur ki, UEFA kubokunda “Valensiya”ya qarşı ilk görüşdə komandama kömək edə bilməyəcəyəm”. Bu sözləri Kiyev “Dinamo”sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev deyib.

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Londonda “Arsenal”la qarşılaşmada meydandan qovulan 23 yaşlı yarımmüdafiəçi özünə bəraət qazanmağa çalışıb: “Londonda baş verənlər emosiyadan irəli gəlirdi. Çox istəyirdim ki, qol vurum. Düzdür, deyə bilmərəm ki, qırmızı vərəqə almasaydım, cərimə zərbəsini dəqiq yerinə yetirəcəkdim ya yox. Hər halda, buna çox çalışırdım”.

Əliyev bildirib ki, “Dinamo”nun baş məşqçisi Yuri Syomin onu danlayıb: “Əvvəlcə, baş məşqçimiz məni məzəmmət elədi. Sonradan bütün komanda yoldaşlarım kimi, o da dəstəyini əsirgəmədi. Yuri Syomin dedi ki, bu həyatdır, hər şey olur, məsələni özün düyünə salmısan, özün də aç”
0