“Neftçi”nin məşqçisindən şok açıqlama
23.12.2008 - 13:27
“Neftçi”nin məşqçisindən şok açıqlama
“Neftçi” klubunun məşqçisi Rob Reekers Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı əsas heyətdən qovulan futbolçular, ölkəmizin özəllikləri, həmçinin qış transferləri ilə bağlı fikirlərini bildirib.

- “Neftçi”yə dəvət almağınız necə reallaşdı?
- Hans-Yurgen Gedeni “Oberhauzen”də çalışdığım vaxtdan tanıyırdım. Onda mən əsas komandada köməkçi məşqçi, Gede isə həvəskarlardan ibarət heyətin baş məşqçisi idi. Azərbaycan yığmasında Berti Foqtsun köməkçisi olan Gede kluba keçdikdən sonra mənə dəvət göndərdi. Həyat yoldaşımı və iki oğlumu Almaniyada qoyub Azərbaycana yollandım.

- Bu ölkə haqda ilk təəssüratlarınız necədir?
- Azərbaycan bir başqa dünyadır.

- Bakıda yaşamaq çətin deyil ki?
- Beynəlxalq şəhər təsiri bağışlayır. Bakıda kifayət qədər avropalılar var. Bar və mağazalar isə lap böyük alman şəhərlərini xatırladır. Qiymətlər isə aşağı deyil.

- Azərbaycanda futbola münasibət necədir?
- Azərbaycanlıların həyatında futbol bizimkindən daha az yer tutur. Çoxuşaqlı ailələrin orta hesabla ayda 500 avro qazanması üzündən onların öz qayğıları var. Komandamızın oyunlarını izləməyə haradasa 2 minə yaxın adam gəlir. Azərbaycan çempionatı gücünə görə Hollandiyanın ikinci dəstəsi səviyyəsindədir.

- İşinizdən razısınızmı?
- Futbol sahəsindəki peşəkarlıq yüksək səviyyədədir. Bizim üçün əla şərait yaradılıb. Gede ilə mənim təqdimatım yüksək səviyyədə təşkil olunmuşdu. Daim bizi izləyir, bizim haqda Almaniyada dərc olunan yazıları da tərcümədə oxuculara çatdırılar. Klub bizi sürücü və tərcüməçi ilə təmin edib.

- Bəs, “Neftçi” haqda nə deyə bilərsiniz?
- Biz 24 futbolçu ilə Türkiyəyə toplanışa yollandıq. Orada olduğumuz vaxt gördük ki, bəzi oyunçular çox tənbəldirlər. Heç məşq etmək də istəmirlər. Belə olan halda, işimiz çox çətin idi. Sonradan müəyyənləşdi ki, milli komandanın kapitanı da daxil olmaqla, bir neçə aparıcı oyunçu neçə illərdir fikirlərini klubun xərclərinə nəzarətə cəmləməyə çalışır. Bu səbəbdən son üç ildə tez-tez baş məşqçilərini dəyişiblər.

- Belə vəziyyətdən hansı çıxış yolunu tapdınız?
- Rəhbərlik bizə tam etimad göstərir. Biz də həmin oyunçular qrupunu ləğv etdik.

- Belə durumda nəticələr qənaətbəxş ola bilməz...
- Heyətimizdə dörd 16, iki 17 və üç 19 yaşlı oyunçu var. Əsas diqqətimizi ¼ finala yüksəldiyimiz ölkə kubokuna yönəldəcəyik.

- Belə çıxır ki, qışda heyəti gücləndirməlisiniz?
- Bəli. Beş yeni oyunçu transfer etmək qərarına gəlmişik ki, onların üçü məlumdur – iki rus və bir irlandiyalı. Daha iki futbolçuya ehtiyacımız var. Hücumçu və hücumameylli yarımmüdafiəçi axtarışındayıq. Bakıda soyuq olduğundan yanvar hazırlıqlarını Türkiyə və İspaniyada keçirib, heyəti komplektləşdirəcəyik.
0