Nikolov: Mahmudla Belkeviçə böyük məbləğdə pul verməyəcəyik
23.12.2008 - 14:18
Nikolov: Mahmudla Belkeviçə böyük məbləğdə pul verməyəcəyik
“Çətin ki, Mahmud Qurbanovla Valentin Belkeviç komandada qalsın. Çünki onlara daha yüksək maddi şərtləri olan müqavilə təklif edə bilmərik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Dünyadakı maliyyə böhranının komandasının maddi vəziyyətinə təsir etdiyini deyən Nikolov 35 yaşlı yarımmüdafiəçilər - Mahmud Qurbanov və Valentin Belkeviçin gedişi ilə barışıb. Onun sözlərinə görə, daha çox ehtiyatda qalan futbolçu üçün artıq xərcə düşməyə dəyməz: “Qurbanovla Belkeviç yüksək səviyyəli, tanınan oyunçular kimi iddiaları böyükdür. Ancaq maliyyə tələblərimiz üst-üstə düşmür. Onların istədiyi pulu verə bilmərik. Əsas heyətdən kənar qalan futbolçuya görə böyük məbləğ xərcləmək fikrimiz yoxdur. Ola bilsin ki, müqaviləsi bitən Mahmud komandamızda qalmaq istəyir. Ancaq bunun üçün müqavilə şərtlərində ortaq məxrəcə gəlmək lazımdır. Bildiyimə görə, Belkeviçin yenidən Ukraynada çıxış etmək variantı var. Bu səbəbdən Valentinin geri qayıtmayacağını düşünürəm. Onunla “İnter”in mövsümün sonuna qədər müqaviləsinin olması doğru deyil. Belkeviçlə anlaşma yanvarın 4-də başa çatır”.

Xatırladaq ki, “İnter”in yayda transfer etdiyi Belkeviç çempionatımızda 5 oyun (346 dəqiqə) keçirib. Çempionlar Liqasında yalnız “Partizan”la Bakıdakı görüşdə meydana çıxan belaruslu futbolçu hələ ilk hissə bitməmiş əvəzlənib. “İnter”də il yarım oynayan Mahmud karyerasında 9-cu çempionluğu qazandığı komandada cari mövsümdə əsas heyətdə yerini itirib. Premyer Liqada 4 oyunda (168 dəqiqə) çıxış edən Qurbanov Belkeviç kimi ölkə kubokunun cari mövsümündə iştirak etməyib.
0