AFFA prezidenti kimsəyə basqın edə bilməz
23.12.2008 - 14:24
AFFA prezidenti kimsəyə basqın edə bilməz
Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatının növbəti mövsümündə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu haqda jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib. O, 2 il öncə dağılmış “Kəpəz”in cari mövsümdə də çempionatdan kənarda qalmasını belə əsaslandırıb: “Bu komandaya sponsor tapmışdım da, maliyyə böhranı imkanı vermədi. Gəncə komandası çempionatda gələn il mütləq oynayacaq”.

Abdullayev maliyyə böhranı ucbatından Premyer Liqada çıxışını dayandırmaq üzrə olan “Turan” haqqında nikbin fikirlər söyləyib: “Kim deyir ki, “Turan” dağılır? Sadəcə, bir az maliyyə problemləri var, o da həll olunacaq”.

Hələ 2008/09 mövsümü başlamamış AFFA prezidenti kütləviliyi artırmaq məqsədilə klubların adlarının dəyişdirilməsi, onların Bakı qəsəbələrinə uyğun adlandırılması ilə bağlı təklif irəli sürmüşdü. Amma arxada qalan müddətdə heç bir klubun adı dəyişməyib. Abdullayev bildirib ki, bu, klub rəhbərlərinin onun sözünə, təklifinə laqeyd yanaşması anlamına gəlməməlidir: “AFFA prezidenti kimsəyə basqın edə bilməz. Mən təklif vermişdim. Yenə bunun üstündə dururam: futbolda yerliçilik prinsipi lazımdır. Qonşu Türkiyədə də belədir. Klublarımıza qəsəbə adları verilərsə, azarkeşlərinin sayı xeyli artacaq. Elə bu gün İcraiyyə Komitəsinin iclası zamanı Hafiz Məmmədova dedim ki, “Bakı” adı ilə klubun ətrafına heç 1000 azarkeş toplaya bilməyəcəksiniz”.

Assosiasiya başçısı onu da əlavə edib ki, əcnəbi futbolçulara qoyulan limitin gələcəkdə dəyişdiriləcəyi istisna olunmur: “Limit Quran ayəsi deyil ki, onu dəyişməyəsən. Mənə elə gəlir ki, indi legionerlərə limit tətbiq etmək düzgün olmazdı. Qoy, klublar özlərinə gəlsinlər, azarkeş toplasınlar. Sonra biz müəyyən məhdudiyyətlər qoyacağıq. Hazırda futbolumuzun inkişafı üçün çoxlu variantlar üzərində işləyirik. İcraiyyə Komitəsinin növbəti iclasında Premyer Liqanın 12 komanda arasında keçirilməsi təklifini müzakirə edəcəyik. Belə olan halda, milli çempionata maraq daha da çoxalacaq”.

Rövnəq Abdullayev ölkəmizdə totalizator oyunlarının, yəni futbol matçlarına pul qoyuluşlarının leqallaşdırılması məqsədilə layihənin hazırlandığını da söyləyib: “Totalizator oyunları qanuniləşdiriləcək. Layihə hazırlanır və burada konkret idman növlərinin hansı formada totalizator oyunlarına cəlb olunması barədə maddələr yer alacaq”.
0