Vəli Qasımov: Mən “Neftçi”yə prezidentin dəvətilə gəlmişəm
23.12.2008 - 15:26
Vəli Qasımov: Mən “Neftçi”yə prezidentin dəvətilə gəlmişəm
“Komandadan uzaqlaşdırılacağımdan xəbərim yoxdur. Bu haqda mənə heç nə deyilməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun idman direktoru Vəli Qasımov deyib.

Ötənlərin məşhur hücumçusu bu ilin yayından vaxtilə çıxış etdiyi “Neftçi”nin rəhbərliyində yer alıb. Məzuniyyətdə olan Qasımov vəzifəsindən çıxarılacağını təəccüblə qarşılayıb: “Çox maraqlıdır, belə şey haradan çıxarılıb. Mənə işimdən azad olunacağım haqda kimsə bir şey söyləməyib. Hazırda İspaniyada istirahətdəyəm. Yanvarın 4-də Bakıya gələcəyəm. Burda olduğum müddətdə yeni transferlərlə bağlı axtarışdayam. “Neftçi”yə bir sıra mövqelərə futbolçular lazımdır. Komandaya oyun qurucusu, sol cinah yarımmüdafiəçisi, hücumçu cəlb etmək istəyirik. Ancaq hələlik transferlərlə bağlı konkret bir şey yoxdur”.

Klub rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu və narazılığın yaranmadığını deyən Qasımovun sözlərinə görə, işlədiyi müddətdə “Neftçi”yə böyük xeyri dəyib: “Kluba yayda prezident Əkbər Hacıyevin dəvətilə gəlmişəm. Həmin vaxt onunla şəxsi tanışlığımız yarandı. Komandada əsasən uşaq futbol məktəbi ilə bağlı işlərlə məşğulam. İşlədiyim müddətdə uşaqların bir yerdə - “Neftçi”nin bazasında hazırlıq keçməsinə, yeni qrupların açılmasına nail oldum. Ancaq əsas komandanın problemləri ümumi işə də təsir göstərir”.
0