“Srvena Zvezda” Subaşiçi satmaq istəyir
23.12.2008 - 15:30
“Srvena Zvezda” Subaşiçi satmaq istəyir
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç “Srvena Zvezda” klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, Serbiya mətbuatı 26 yaşlı hücumçunun komandasının potensial itkilərindən sayır. Ölkə futbolunun nəhəngləri - “Srvena Zvezda” və “Partizan”ın ciddi islahatlara məruz qalacağını iddia edən həmkarlarımızın fikrincə, bahalı oyunçularla yollarını ayıracaq klublar Cənubi Amerikanın ucuz bazarına üz tutacaq.

Hazırda 16,2 milyon avro borcu olan “Srvena Zvezda” İbrahim Qay, Nenad Miliyas, Oqnen Koroman və Subaşiçi satmaqla problemlərini həll etməyə ümid edir. Başqa çıxış yolları axtaran klub rəhbərliyi lazım olan maliyyəni tapmaqla, oyunçularını saxlaya da bilər. Hazırda Rusiya MOİK-i Miliyas, “Rubin”, həmçinin Yunanıstanın AEK klubu Koromana elçi düşüb. Subaşiçlə Qaya hələ ki, müştəri çıxmayıb.

Təcili 2 milyon avroya ehtiyacı olan “Srvena Zvezda” satmaq istədiyi futbolçuların dördü üçün də qiymət müəyyənləşdirib. Miliyas 3,5, Koroman 3 milyona satılırsa, yeni komandası Branimir üçün 800, Qay üçün isə 400 min avro ödəməli olacaq.
0