Dimitar Berbatov Azərbaycan çempionu ilə əməkdaşlıq edir
23.12.2008 - 15:57
Dimitar Berbatov Azərbaycan çempionu ilə əməkdaşlıq edir
“Bolqarıstanda olduğum müddətdə yeni transferlə bağlı görüşlərim olub. Seleksiya işimiz hələ davam edir və bu, yeni ilədək başa çatmayacaq”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov deyib.

Beş gündür vətənində olan Nikolov futbolçu seçimi ilə bağlı işi bitmiş saymır. Həmyerliləri ilə görüşən prezident onlara təklif edilən futbolçuları bahalı hesab edir: “Onların transferi üçün təkcə klublarına 100-150 min avro ödəmək lazımdır. Özlərinə verilən pulu da nəzərə alsaq, məbləğ böyük olur. Kluba bağlı olmayan, azad agent statusuna malik futbolçu transfer etmək fikrindəyik. Bizə daha çox hücum mövqeyinə oyunçu lazımdır. Komandamızın baş məşqçisi Valentin Xodukin sərəncamında daha bir hücumçu görmək istəyir. Komandamıza lazım olan cəld, sürətli hücumçu axtarırıq”.

Nikolovun sözlərinə görə, onlara təklif edilən futbolçular birbaşa müqavilə bağlanmayacaq. Həmin legionerlər Xodukinin sərəncamına yollanacaq və ukraynalı mütəxəssis “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə hazırlıq məqsədilə Türkiyə toplanışında onları baxışdan keçirəcək.

Qeyd edək ki, son Azərbaycan çempionuna futbolçu seçimində “Dimitar Berbatov fondu” köməklik edir. “Mançester Yunayted” klubunda çıxış edən məşhur bolqarıstanlı hücumçu Dimitar Berbatovun ailə üzvlərinin başçılıq etdiyi qurum həm də agentlik işi ilə məşğuldur. Futbolçunun ailə üzvləri İvan, Asen və Marqaritanın idarə etdiyi fond bu ilin aprelində yaranıb və müxtəlif turnirləri təşkil edir. “İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinov bu fondun təşkil etdiyi turnirin bombardiri kimi Berbatovun klubundakı 9 nömrəli forma ilə mükafatlandırılıb.
0