Branimir Subaşiç Rusiya və Türkiyə klublarından dəvət alıb
23.12.2008 - 17:11
Branimir Subaşiç Rusiya və Türkiyə klublarından dəvət alıb
“Srvena Zvezda” məni satmaq niyyətindədir. Buna səbəb klubun maliyyə problemləri ilə üzləşməsidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç deyib.

Bu ilin iyununda “Neftçi”dən Belqrad “Srvena Zvezda”sına keçən 26 yaşlı futbolçu yarım ildə əsas heyət oyunçusu kimi özünü təsdiqləyib. Klubla üç illik müqaviləsi olan Branimir aparıcı futbolçuların satışının gündəmdə olduğunu bildirib: “Əsas Oqnen Koromanla Nenad Miliyası satmaq istəyirlər. Hər iki futbolçu komandamızda kapitan sarğısını daşıyıb. İbrahim Qay da təcrübəlidir. “Srvena Zvezda”da çıxışımı davam etdirmək istərdim. Klubla anlaşmamın başa çatmasına hələ çox var. Ancaq son qərarı klub rəhbərliyi verəcək”.

“Srvena Zvezda” yığmamızın üzvünün transfer qiymətini 800 min avro qiymətləndirib. Subaşiç bundan xəbərsiz olduğunu söyləyib: “Mənə transfer məbləğim deyilməyib. Qiymətimin nə qədər olduğunu deyə bilmərəm. Ümumiyyətlə, klub rəhbərliyi ilə konkret söhbətim olmayıb. Ancaq bunu yaxın günlərdə etmək fikrindəyəm. “Srvena Zvezda” köklü, titullu klubu olsa da, maliyyə böhranı ondan da yan keçməyib. Klubun mənə də borcu var. Noyabr ayı üçün məvacibim verilməyib”.

Subaşiçin sözlərinə görə, yenidən vətəndən kənarda çıxış etmək var: “Rusiya və Türkiyədə oynamaq variantları var. Bununla bağlı iş gedir. Mənə dəvət göndərən klubların adını açıqlaya bilmərəm. Həmin komandalar yüksək liqada mübarizə aparır. Rusiya komandası Moskvanı təmsil edir. Karyeramı harada davam etdirəcəyim on günə bilinməlidir”.

Serbiya çempionatında fasilə ilə əlaqədar hazırda istirahətdə olan Branimir toya dəvət olunub. O, “Neftçi”də bir yerdə çıxış etdiyi həmyerlisi, qapıçı Vladimir Mişoviçlə birgə bu gün yaxın dostlarının toy mərasimində iştirak edəcəyini bildirib.