Bakıda daha bir futbol məktəbi açıldı
23.12.2008 - 17:56
Bakıda daha bir futbol məktəbi açıldı
Bu gün Bakının Binəqədi rayonunda Təhsil Nazirliyinin tabeliyində olan “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, öncə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə idmanın təbliği dövlət siyasətidir və hökumət qurumları da bu istiqamətdə zəruri addımlar atır. O, yeni məktəbi Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı üçün birgə fəaliyyətinin əyani göstəricisi kimi qiymətləndirib.

Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev nitq söyləyib. Assosiasiya rəhbəri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, AFFA ilə Təhsil Nazirliyinin bir sıra layihələr həyata keçirir. “Vətən” Futbol Məktəbinin açılış mərasimini də bu qəbildən sayan Abdullayev analoji tədbirlərin gələcəkdə də gerçəkləşdiriləcəyinə ümidvar olduğunu deyib.

Açılış mərasimindən sonra Misir Mərdanov və Rövnəq Abdullayev məktəbin otaqlarına baxış keçiriblər. Ardından burada təhsil alan uşaqlar arasında təşkil olunan oyunda topa ilk zərbəni vuran AFFA və Təhsil Nazirliyinin rəhbərləri uşaqlarla xatirə şəkli çəkdiriblər.
0