Ramal Hüseynov: “Girəsunspor” klubu istədiyim pulu vermir
24.12.2008 - 12:16
Ramal Hüseynov: “Girəsunspor” klubu istədiyim pulu vermir
“Türkiyəlilərlə danışığımız düz gəlmir. Mənə istədiyim pulu vermirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib.

Türkiyənin birinci liqasında çıxış edən “Girəsunspor” klubuna yarım illiyə icarəyə verilməsi nəzərdə tutulan 24 yaşlı futbolçu hələ də gözləmə mövqeyi tutur. Türkiyə ilə mütəmadi əlaqə saxlayan Ramala bir qədər də gözləməyi məsləhət biliblər: “Bakı” ilə “Girəsunspor”da alacağımı məbləği müqayisə etsək, fərq elə də böyük deyil. Ancaq əgər ölkə kənarına çıxıramsa, qazancımın çox olmasını istəyirəm. Hər halda, Bakıda oynayanda ailəmin yanında oluram. Ancaq kənarda vəziyyət başqa cürdür. Azərbaycanda ehtiyatda qalan elə futbolçular var ki, oynamayanda daha çox qazanırlar. Yəni, komandadan komandaya, müqavilədən müqaviləyə fərq var”.

Başqa variantlarının olduğunu deyən Hüseynov “Girəsunpor”a keçidi baş tutmasa, onlardan birini dəyərləndirmək fikrindədir: “Ancaq Türkiyə variantının üstündən xətt çəkməz olmaz. Müqavilə məsələmlə bağlı danışıqlar davam edir. Tələsmirəm. Maliyyə məsələləri ilə bağlı razılıq əldə oluna bilər. Ehtiyatda qalmaq mənə sərf etmədiyi üçün başqa klubda oynamaq istəyirəm. Bu mənada Türkiyədə öz gücümü sınamaq istəyirəm”.
0