“Bakı”: Legionerin biri getdi, digəri gəldi
26.01.2009 - 17:21
“Bakı”: Legionerin biri getdi, digəri gəldi
“Bakı” Nigeriyanın gənclər yığmasının sabiq futbolçusu Alfred Emoefeni bəyənməyib. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında 26 yaşlı hücumçunun səviyyəsi qənaətbəxş olmadığı üçün geri qaytardıqlarını bildirib. Rusiyanın “Anji” klubu ilə qolsuz heç-heçə başa çatan oyunda ikinci hissədə meydana çıxan Alfred etimadı doğrulda bilməyib. İsveçrənin birinci liqasında çıxış edən “Vöhlen” klubundan gələn Alfred artıq vətəninə dönüb.

Məmmədov Ukraynanın “Xarkov” klubunun 29 yaşlı hücumçusu Vilyam Roşa Batistanın bu gün düşərgəyə gəldiyini bildirib: “Onu bir müddət baxışdan keçirdikdən sonra qərarımızı verəcəyik. Misirli Hasan Suari pis təsir bağışlamasa da, son qərarımızı verməmişik. “Antalyaspor”un zimbabveli hücumçusu Yozef Nqvenjanın maliyyə məsələsində hələ ki ortaq məxrəcə gəlməmişik. Birbaşa müqaviləyə gəlmək istəyən Yozefin istədiyi məbləğlə təklifimiz uyğun gəlmir. Razılıq versək, Nqvenja elə bu gün düşərgəmizə gəlməyə hazırdır”.
0